Qubada “Bahar” Festivalı” – FOTO - VİDEO

Qubada “Bahar” Festivalı” – FOTO - VİDEO
SOSİAL

04 mart 2019, 12:35

Mətn ölçüsü

Ötən gün Qubada “ASAN Həyat” “Bahar” Festivalı baş tutub.

News24.az xəbər verir ki, “ASAN Həyat” kompleksində keçirilən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agetliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilib. Festivala Novruz bayramını qeyd edən ölkələrdən nümayəndələr qatılıb.

Festivalda milli personajların iştirakı ilə Novruz tamaşaları təşkil olunub, eləcə də yerli şirkətlərin məhsullarından ibarət yarmarka keçirilib.
Tədbirdə Novruz bayramını qeyd edən ölkələrin stendləri də yer alıb.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə festivalın əsas məqsədnin Novruz bayramının qədim adət-ənənlərinin yaşadılması və yeni nəsillərə çatdırılması olduğunu bildirib:

“Festival Quba şəhərindən sonra Şəki və Masallıda yerləşən “ASAN Həyat” komplekslərində davam etdiriləcək.

Festivalın əsas özəlliklərindən biri də Novruz bayramını qeyd edək ölkələrin diplomatik nümayəndəliklərinin iştirakıdır. Bununla yanaşı, Azərbaycanın digər milli etnik azlıqları öz adət-ənənləri ilə burada iştirak edirlər. Festivalda həmçinin yarmarka və konsert proqramı da təşkil olunur.

Biz həmçinin, Novruzu qeyd edən digər ölkələrin adət-ənənələrini xalqımıza çatdırmaq istəyirik”.

Bildirək ki, festival çərçivəsində qədim türk xalqlarının yaşadığı çadır Qazaxıstandan Qubaya gətirilib. Çadır tədbirin keçiriləcəyi digər rayonlarda da nümayiş olunacaq.

Tədbirdə iştirak edən Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşı Şahidə Mehdiyeva “Bahar” Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Azərbaycanda olduğu kimi Özbəkistan da Novruz bayramını qeyd edir və əsas yemək olaraq sümələk hazırlanır. Bu yemək səməninin suyundan hazırlanır və 24 saat ərzində bişir. Sümələk həm müalicəvi həm də dadlıdır.

Bundan başqa, həmin gün özbək aşı bişirilir, kuşdili, çüçvara, çakçak adlı şirniyyatlar qonaqlara təqdim olunur”.

“Bahar” Festivalında təşkil olunan konsertdə qubalıların görüşünə əməkdar artist Ədalət Şükürov, əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, aşıq Əli Tapdıqoğlu, müğənnilər Yaşar Yusub, Zeynəb Həsəni, Nejla və başqaları gəlib.

Tədbirdə böyük marağa səbəb olan isə “ASAN xidmət”in maskotu Mr. ASANT olub.

Quba sakinlərinin qarşına çıxan Mr. ASANT festivala qatılanlarla şəkillər çəkdirib.

Qeyd edək ki, “ASAN Həyat” “Bahar” Festivalı 2-19 mart tarixlərini əhatə edəcək.

Teymur MƏMMƏDOV

Foto/Video: Fərid ŞABANOV

YouTube