Müharibə əlillərinin təqaüdü artırılır
    • 12-03-2019, 12:04
    • 844

Müharibə əlillərinin təqaüdü artırılır

“Sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır”.

Bu barədə News24.Az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da sosial müavinət və təqaüdlərinin ciddi şəkildə artırılmasına imkan verib:
“Sərəncama uyğun olaraq, sosial müavinətin məbləği onlardan I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan - 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır. Eyni zamanda, həmin insanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat təqaüd təsis olunur. Qeyd olunan kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, həmin şəxslər üçün Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır”.  

Nazirlikdən qeyd olunub ki, III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.