Bakı metrosunda Novruz bayramı keçiriləcək
    • 18-03-2019, 19:29
    • 1 123

Bakı metrosunda Novruz bayramı keçiriləcək

Martın 19-20-də "İçərişəhər" stansiyasında ikigünlük Novruz şənliyi olacaq. “Bakı Metropoliteni” QSC-dən News24.az -a verilən məlumata görə, qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edəcəklər.

Azərbaycan teatr səhnəsinin peşəkar aktyorlarının ifasında sərnişinlərə təqdim ediləcək Novruz şənliyində həm də illüziya proqramı da təqdim olunacaq. Müsabiqələr laureatı, tanınmış gənc istedad Anar Əliyev sərnişinlərə ən orijinal proqram nömrələrini nümayiş etdirəcək.
“Bakı Metropoliteni” QSC-nin daha bir sürprizi bayram günlərində artıq sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayişi olacaq. Sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehalı olan "Г" və 2009-cu ilə qədər Bakı metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə, salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər. Bahar şənliyi personajlarının, eləcə də illüziyaçının bayram tamaşası "İçərişəhər" stansiyasının vestibülündən başlayaraq, daha sonra retro qatarda sərnişinlərin əhatəsində davam edəcək.

"Bakı Metropoliteni" QSC Novruz şənliyinin keçirildiyi 19-20 mart tarixlərində bayram sovqatı da hazırlayıb. Şənliyin gedişi zamanı, daha sonra vaqonlarda oyuncaqlardan ibarət hədiyyələr kiçik sərnişinlərə təqdim olunacaq.