Ölkədə ötən ilə nisbətən övladlığa götürülən uşaqların sayı azalıb

Ölkədə ötən ilə nisbətən övladlığa götürülən uşaqların sayı azalıb
SOSİAL

01 aprel 2019, 11:58

Mətn ölçüsü

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə 751 uşaq övladlığa götürülmüşdür ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.  
  
2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında  21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunmuş və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülmüşdür ki, onların da 4-ü qızdır.

2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülməsi barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.