Amerikalı mütəxəssis Azərbaycanda təlim keçir
    • 2-04-2019, 16:42
    • 707

Amerikalı mütəxəssis Azərbaycanda təlim keçir

Təlim səfəri Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində görülən işlərə kömək göstərmək məqsədi ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə səfirliyin “İngilis dili mütəxəssisi” (ELS) proqramı çərçivəsində təşkil olunur.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, layihənin birinci mərhələsi 1-12 aprel tarixlərində həyata keçiriləcək və əsasən Dövlət İmtahan Mərkəzinin ingilis dili fənni üzrə qiymətləndirmə təcrübəsinin nəzərdən keçirilməsi, o cümlədən yerli müəllimlərin qiymətləndirilmə bacarıqları (yazı, oxu, dinləmə üzrə) ilə tanışlıq xarakteri daşıyır.

Səfər çərçivəsində Neytn Karın DİM tərəfindən 7 aprel 2019-cu ildə keçiriləcək tam (11 illik) orta təhsil bazasında buraxılış imtahanı materiallarının hazırlanma prosesində iştirakı da nəzərdə tutulub. Bu mütəxəssisə imtahan materiallarının hazırlanmasını yaxından izləməyə və yerli imtahan prosesini beynəlxalq təcrübə ilə müqayisə etməyə imkan yaradacaq.

Bundan əlavə, mütəxəssis ilə Mərkəzin ekspertləri və müəllim heyəti arasında dilin qiymətləndirilməsində beynəlxalq təcrübə və "Dillər Üzrə Ümumi Avropa Tövsiyə Çərçivə Sənədi" (CEFR) ilə DİM-in imtahanlarında istifadə olunan ingilis dili fənni üzrə test tapşırıqlarının qiymətləndirilməsinin uyğunlaşdırılması mövzularında intensiv təlimlər və konsultativ görüşlər planlaşdırılır.

Qeyd edək ki, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” layihəsinin növbəti iki mərhələsinin 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar aylarında həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ELS proqramı təhsil müəssisələrinin fəaliyyətində uğura nail olmaq üçün müəllimlərin peşəkar inkişafı təlimləri, tədris proqramlarının işlənməsi, digər tədris materiallarının hazırlanması ilə bağlı 2 həftədən 3 ayadək olan müddətdə təşkil edilən müxtəlif mövzulu layihələri dəstəkləyir.