Əvvəlki illərə nisbətən 2018-də inzibati xətalara dair məsuliyyətə cəlb etmə ARTIB
    • 10-04-2019, 12:40
    • 992

Əvvəlki illərə nisbətən 2018-də inzibati xətalara dair məsuliyyətə cəlb etmə ARTIB

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 62113 işə baxılıb ki, bu da 2017-ci ilin göstəricisindən 10,9 faiz çoxdur. 

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, onların 61,8 faizi idarəçilik qaydaları, 5,3 faizi mülkiyyət, 4,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,6 faizi yol hərəkəti qaydaları, 4,0 faizi sağlamlıq, 0,9 faizi gömrük qaydaları, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları, 0,6 faizi ticarət qaydaları əleyhinə olan, 2,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 15,1 faizi isə digər inzibati xətalarla bağlı olub. 

2018-ci ildə baxılmış işlərin 62,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 28,2 faizinin icraatına xitam verilmiş, 8,4 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 0,5 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,8 faiz artaraq 39094 nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,0 faizinə inzibati cərimə, 26,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 21,6 faizinə inzibati həbs, 2,4 faizinə ictimai işlər, 1,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.