Zərdabda narkomaniyaya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib - FOTO
    • 23-04-2019, 11:09
    • 1 172

Zərdabda narkomaniyaya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib - FOTO

Bu gün Zərdab rayonu Pərvanlı kənd orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında polis əməkdaşlarının  şagirdlərlə görüşü keçirilib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edən Rayon Polis şöbəsinin rəisi, polis mayoru Azər Əfəndiyev narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan bəhs edib.

Polis rəisi qeyd edib ki, yeniyetmələrin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideynlər və müəllimlər birgə fəaliyyət göstərməli, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirilməlidir. A.Əfəndiyev ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışıb.

Tədbirdə erkən nikaha məsələsinə də toxunulub. Rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Emin Kərimov qeyd edilən neqativ hallara qarşı sərt mübarizənin aparılmasının təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı şagirdlərə “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzusunda hazırlanan videoroliklər nümayiş etdirilib. Görüntülər əsasında şagirdlərlə polislər arasında diskusiya təşkil edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda fərqlənən şagirdlərə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.