“Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib

“Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib
SOSİAL

29 aprel 2019, 18:51

Mətn ölçüsü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə bu gün Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilən “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirilib.

Konfransda oftalmologiyada baş verən yeniliklər, oftalmologiyanın aktual məsələlərindən danışılıb. Səhiyyə Nazirliyi mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, konfransda Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri ilə yanaşı respublikanın bir çox alim və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər.

Oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox mühüm tədqiqatların müəllifidir. “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap olunub.
Ümumiyyətlə onun 200-qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Konfransda “Multifokal İntraokulyar Linzaların İmplantasiyasında “Mix And Match” Texnikası” , “Gəncə-Qazax İqtisadi Rayonunda Uşaq Və Yeniyetmə Əhalisinin Görmə İtiliyinin Səciyyələri”, “Şəkərli Diabetin Diagnostikası Və Tibbi Yardım Üzrə Algoritmi”, “Keratakonus Xəstələrinin İlkin Mərhələsində Prk Üsulunun Və Krosslinking Texnologiyasının Tətbiqi”, “Gözdaxili Cisim Olan Xəstələrdə Müalicə Taktikası” kimi məsələlər də müzakirə müzakirə edilib.

Qeyd edək ki, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü, Azərbaycan Tibb Universitetində, 5 saylı Şəhər Kliniki Xəstəxanasında və 1 saylı Kliniki Tibbi Mərkəzdə də qeyd olunub.