1,5 milyondan çox mina əsas problemlərdən biri olaraq qalır - DEPUTAT

1,5 milyondan çox mina əsas problemlərdən biri olaraq qalır - DEPUTAT Sosial

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılması regiondakı humanitar problemlərə qlobal marağın artmasına səbəb olub.

News24.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində “Medianın mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin formalaşmasında rolu” mövzusunda keçirilən media brifinqində Milli Məclisin deputatı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev səsləndirib.

Deputat bildirib ki, işğal illərində Azərbaycan jurnalistlərinin həmin ərazilərə giriş imkanı olmasa da, beynəlxalq media Ağdam məscidinin dağıdılması və Ağdamın “Qafqazın Xirosiması” kimi təqdim olunması kimi faktları dünya ictimaiyyətinə çatdırıb.

Onun sözlərinə görə, media Qarabağ və Şərqi Zəngəzurda mina təmizlənməsi, ekoloji bərpa, mədəni irsin qorunması və keçmiş məcburi köçkünlərin reinteqrasiyası proseslərinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.

Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan ərazilərinin təxminən 30 faizi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Bölgədə 1,5 milyondan çox mina və partlayıcı qurğunun mövcudluğu isə əsas problemlərdən biri olaraq qalır.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə artıq minlərlə keçmiş məcburi köçkün geri qayıdıb. Növbəti on il ərzində isə 200-dən çox yaşayış məntəqəsinin yenidən qurulması planlaşdırılır.

Sonda o vurğulayıb ki, dayanıqlı şəhərlərin gələcəyi yalnız fiziki infrastrukturun inkişafı ilə deyil, eyni zamanda informasiya mühiti və ictimai dialoqun keyfiyyəti ilə də sıx bağlıdır.

Xanım Cavanşirqızı