Riyaziyyatçı olimpiadaçılarımız 5 medalla qayıdır

Riyaziyyatçı olimpiadaçılarımız 5 medalla qayıdır
SOSİAL

04 may 2019, 18:50

Mətn ölçüsü

Moldovanın paytaxtı Kişinyov şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. 

Olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar.  Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş medala layiq görülüblər.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər.

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.