DİN işçi axtarır - MÜSABİQƏ
    • 7-05-2019, 10:20
    • 1 020

DİN işçi axtarır - MÜSABİQƏ

2019-cu il may ayının 21-də saat 8.00-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən DİN-in Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. 

Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir. 
 
Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışında iştiraka buraxılmayacaqlar.