“Az qalıram balalarımı Kürə atım" - QARABAĞ ƏLİLİNİN ÜRƏKPARÇALAYAN HEKAYƏTİ - VİDEO
    • 8-05-2019, 18:44
    • 1 108

“Az qalıram balalarımı Kürə atım" - QARABAĞ ƏLİLİNİN ÜRƏKPARÇALAYAN HEKAYƏTİ - VİDEO

“Yığdığım kol-kosla bala saxlayıram, ay camaat! Mən bunları nə ilə yedirib-içirim? 19 yaşında əlil balam var, danışmır. Gündə üç dəfə qıc olur. Onu nə ilə müalicə eləyim? Bu dərdi nə Allah götürməz, nə bəndə. Az qalıram hamısını yığım atım Kürə, özümü də ardınca..”
Bu kəlmələri News24.az-a dərdini danışan Pərvanə Cümşüdova deyir.

Cümşüdovlar ailəsini Sabirabadın Nəmişlər kəndində hamı tanıyır. Ailə başçısı, vaxtiylə müəllim işləmiş Savalan Çümşüdov Qarabağ əlilidir.  Bədənində bu savaşdan iki qəlpə gəzdirir. Amma bu günə qədər qazi olduğunu sübut edəcək bir parça kağız belə ala bilməyib. 
Gəliri fəhləlikdən çıxır. Özü demiş, onun-bunun qapısında işləyib ailə saxlayır. Di gəl, qazancı nə külfətinin boğazına, nə əyin-başına, nə də xəstələrinin dava-dərmanına çatır. Yaşadıqları ev də başlarına uçur: “80 illik dədə-babadan qalma evdir. Evin içi demək olar ki, darmadağındır. Divarlar qamışdan düzəldilib. Hər dəfə bacardığım kimi düzəldirəm, amma xeyri yoxdur, partlayıb tökülür. Çat verə-verə çökür. Ötən il müraciət elədim, yardım elədilər, bir babat əl gəzdirdim. Amma divarlar nəmin içindədir. Döşəmə yaman gündədir. Yerə palaz atırıq ki, görünməsin”.

“Başına 75 tikiş qoydular”

Savalan Çümşüdovun övladlarından üçü əlildir. Həm qızlarının, həm də oğlunun ciddi müalicəyə ehtiyacı var: “Uşaqlarımın üçü xəstədir. Qızımın biri laldır, həm də “sudoroqaları” tutur. O bir də ürək xəstəsidir.
Oğlum da neçə illərdir dava-dərmandadır. Ağır qəza keçirib. Həkimlər başından neçə saatlıq əməliyyat elədilər. Başına 75 tikiş qoydular. Güclə ayağa qaldırdılar. Üstəlik evdə yaşlı anam var. Bir sözlə, 11 nəfərlik ailəyik. Onların ən vacib ehtiyaclarını ödəyə bilmirəm, ondakı qalmışdı müalicələrini. Kimə ağız açım, dərdimizi kimə deyim, bilmirəm”.

Savalan Cümşüdov deyir ki, epilepsiya xəstəsi olan Sahiləyə təcili iynə vurulmalıdır. Amma pulsuzluq üzündən iynə-dərmanı ala bilmir: “Böyük qızım Sahilə gündə üç-dörd dəfə “ sudoroqa” keçirir.  Həkim 35 manatlıq iynə yazıb. Amma ala bilmirəm”.

Anası Pərvanə Çümşüdova da onları görən hər kəsdən qızı üçün yardım istəyir: “Dərdim  bir olsa, nə vardı ki... 19 yaşlı qızıma 3-4 dəfə təcili yardım çağırırııq. həkimlər bircə onun dərdinə carə tapsaydılar... 3 gündür onunçün gündə bir neçə dəfə təcili yardım çağırırıq. Uşağım gözümün qabağında əriyib gedir, əlac eləyə bilmirəm. İmkanım yoxdur ki, başını aparata saldırıb dərdini bilək.  Bilirəm ki, həkimə aparsam, aparata salmaq üçün ən azı 100-150 manat istəyəcək. Mənim də buna imkanım yoxdur...”

"Nə veteran vəsiqəsi, nə də sosial müavinət almamışam”

Savalan Şümşüdov onu da deyir ki, Qarabağ savaşında qəlpə yarası alsa da, indiyədək qazi olması haqda sənəd ala bilməyib: “Beyləqanda Haramıda yaralanıb hospitalda yatmışam. Amma bu vaxta qədər veteran vəsiqəsi ala bilməmişəm. Nə vaxt gedirəm, deyirlər o sənədi gətir, bu sənədi gətir. Yüz dənə kağız-kuğuz istəyirlər. Nə pensiya alıram, nə də sosial müavinət”. 

“Həyat yoldaşlarım mənə də, uşaqlarıma da bir yerdə baxırlar... ”

Ailə başçısı ilə söhbətdə bir qəribə məqamın da şahidi olduq. Heç demə Savalan müəllimin iki həyat yoldaşı varmış: “Bu, çox adama qəribə gəlir. Pərvanəylə ailə qurandan sonra uşaqlarımın xəstəliyi üzündən ikinci dəfə ailə qurmağa məcbur oldum. Çünki uşaqlar balaca və xəstəydilər. Üstəlik anam da 11 ildir yataq xəstəsidir. Onun da qulluğunda duran, baxan olmalıydı. Yoldaşımın onlara tək baxmağa imkanı yox idi. O üzdən ikinci dəfə evləndim. Evləndim ki, ona yardım eləyən olsun. Harasa gedəndə uşaqları tapşıra biləcəyimiz biri olsun. İndi hər iki yoldaşım bir damın altında mehriban yaşayırlar. Uşaqlara da bir yerdə baxırlar. Təəccüblənməyin, indi hara gedirəmsə, ikisini də aparıram.  Yəni onlar arasında fərq qoymuram. Bunu kənddəkilərin də hamısı bilir. Bizim evdə heç vaxt söz-söhbət olmur”.