Elinanın atası: “Vəkillər bizə lazımlı məlumatları vermir"
    • 20-05-2019, 13:01
    • 1 037

Elinanın atası: “Vəkillər bizə lazımlı məlumatları vermir"

162 saylı məktəbdə intihar edən VIII sinif şagirdi Elina Hacıyevanın atası Ədalət Hacıyev özünə şəxsi vəkil tutur, may ayının 24-də müqavilə imzalanacaq.

Bu barədə News24.az-a açıqlama verən Ədalət Hacıyev bu məsələ ilə bağlı özü məlumat əldə etmək istəyini qeyd etdi: “Artıq vəkillərlə danışıq aparmışam. Özümə vəkil tuturam, istintaqla bağlı məlumatları özüm öyrənmək istəyirəm. Mən kənarda oturub, vəkillərdən məlumat gözləmək istəmirəm, çünki onlar lazım olan informasiyaları vermirlər. Bu səbəbdən də öz vəkilim bütün işlərlə maraqlanacaq və mənə bütün proseslərlə bağlı məlumat verəcək. May ayının 24-də vəkillə görüşüb, müqavilə imzalayacağıq”. 

Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.

Həmçinin qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S. Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Afaq Mirayiq