Bu gün bütün məktəblərdə "Son zəng" çalınacaq

Bu gün bütün məktəblərdə "Son zəng" çalınacaq
SOSİAL

14 iyun 2019, 09:24

Mətn ölçüsü

Bu gün ümumtəhsil məktəblərində oxuyan 11-ci siniflərin «Son zəngi» çalınacaq.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin  XII siniflərini  isə 674 şagird bitirir.

Paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 28 993, XI sinif üzrə isə 19 786 nəfər məzun olub. 45 616 nəfər isə I sinfi başa vurur.

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

Qeyd edək ki, Təhsil naziri  Ceyhun Bayramovun əmrinə əsasən, bu gün hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunub.

Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsiz­liyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verilən məlumata görə, "Son zəng" tədbiri ilə bağlı Təhsil naziri tərəfindən müvafiq əmr imzalanıb. "Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub. "Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq. «Son zəng» tədbirlərinin məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edilib.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.