"Çingiz 6-cı maşınını alıb, Murad aliment ödəyə bilmir" - AYB-dən çıxarılan şair
    • 18-06-2019, 15:56
    • 1 594

"Çingiz 6-cı maşınını alıb, Murad aliment ödəyə bilmir" - AYB-dən çıxarılan şair

Gənc şair Elşad Barat Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən uzaqlaşdırılıb. Səbəb kimi klassikləri təhqir etdiyi bildirilir.

Elşad Barat AYB-dən uzaqlaşdırılması ilə bağlı News24.az-a münasibət bildirib. O, qurumdan haqsız olaraq çıxarıldığını deyib: “Deyirlər ki, guya mən AYB əleyhinə müsahibələr vermişəm. Əgər Bəxtiyar Vahabzadə haqda dediklərimi nəzərdə tuturlarsa, bu xəbərin üstündən iki il keçib. Mən geniş ictimaiyyət qarşısında şairin ruhundan da, onun oxucularından da üzr istəmişəm. Məsələ bitib. Amma fikrimcə, məni Çingiz Abdullayevin 6-cı maşınının şəklini paylaşdığıma görə, AYB-dən uzaqlaşdırıblar. Mən yazmışdım ki, Murad Köhnəqala aliment verə bilmir deyə, həbs olunur, halbuki Muradın Azərbaycan ədəbiyyatında xidmətləri Çingiz Abdullayevdən də, Rəşad Məciddən də qat-qat çoxdur. Murad Köhnəqala aliment verə bilmir, amma Çingiz Abdullayev 6-cı maşınını alır. Aldığım məlumata görə, Çingiz Abdullayevin İngiltərədə, Fransada villaları, evləri var. Bu pullar onda hardandır? Çingiz Abdullayev AYB-ə katib gələndə 29 yaşı vardı və onda cəmi bircə kitabı çap olunmuşdu. Bu gün isə onun 210-dan çox romanı çapdan çıxıb. Aldığım məlumata görə, bu romanların əksəriyyəti AYB-nin hesabına nəşr edilib». 

Elşad Barat “Niyə klassiklər haqda təhqir yazırsız“ sualına da aydınlıq gətirib: “Biz oxucu olaraq klassiklərimizi yaxşı öyrənməmişik. Hansısa şairin bir neçə şerini bilmək onun bütün yaradıcılığını bilmək deyil. İnsanlar klassikləri bütləşdiriblər. Mən gənc yazar kimi araşdırmalar edirəm. Bəxtiyar Vahabzadənin 19  yaşı olanda Səməd Vurgun onun şerlərini qəzetdə çap edib və onu böyük şair kimi təqdim edib. Amma illər keçib, Səməd Vurğun dünyasını dəyişəndən sonra Bəxtiyar Vahabzadə elmi iş yazıb Səməd Vurğunun “Vaqif” dramını tənqid edib. Əgər bu normal qarşılanıbsa, nəyə görə  mənim kimi sıradan bir gənc yazarın statusu bu qədər söz-söhbətə səbəb olur?! Mən Bəxtiyar Vahabzadənin şeirlərini bəyənməyə məcbur deyiləm ki... Onun şəxsiyyəti ilə isə mənim işim yoxdur”. 

Yazar “AYB-də üzv olmaq sizə nə verdi” sualını da cavablayıb: “6 il idi ki, ki, AYB-nin üzvüydüm. Ordan mənə prezident təqaüdü verilirdi, ayda 200 manat alırdım. Bir də uşağım xəstə olanda pul almışam. Onu da Çingiz Abdullayevlə Rəşad Məcid dəfələrlə başıma qaxıblar. Bir dəfə də kitabımı çıxarmaq istəyirdim. Anar müəllimə bir dost kimi zəng elədim. Kitabımın çapına dəstək olmasını istədim.  Soruşdu, nə qədər pul lazımdı?! Sonra yanına getdim, cibindən 300 manat çıxarıb mənə verdi. O mənə böyük kimi, ağsaqqal kimi kömək elədi”. 

Elşad Baratın səsləndirdiyi fikirlərlə bağlı AYB-nin katibi Çingiz Abdullayevlə də əlaqə saxladıq. Yazıçı News24.az-a açıqlamasında Elşad Baratın AYB-dən çıxarılması səbəbinə belə aydınlıq gətirib: “Elşad Barat AYB-nin katibliyini təmsil edən 6 şəxsin qərarına əsasən uzaqlaşdırılıb. O, klassiklərimizi təhqir edib. Mikayıl Müşfiqə, Bəxtiyar Vahabzadə haqda təhqirli ifadələr işlədib. Hələ bizim ona yazığımız gəlmişdi, dedik gəncdir, ona şans verək. Amma bu insan klassikləri təhqir etməkdən əl çəkmədi”. 

AYB-nin mətbuat katibi Xəyal Rza News24.az-a Elşad Baratın qurumdan uzaqlaşdırılmasının səbəbini belə açıqlayıb: “Azərbaycan xalqının dəyərlərinə qarşı tək Elşad Barat deyil, başqa hansı üzv hörmətsiz yanaşsa, AYB-dən uzaqlaşdırılacaq: “AYB-nin Nizamnaməsində də göstərilib ki, etik normalara riayət edilməzsə və Azərbaycanın dəyərlərinə, xüsusi önəm verilən yazarlara qarşı hansısa xoşagəlməz ifadələr səsləndirilərsə, Yazıçılar Birliyinin katibliyi tərəfindən üzvlükdən çıxarılacaq. Elşad Barat dəfələrlə klassikləri təhqir edib. Biz Yazıçılar Birliyi olaraq çox səbrlə davranan bir qurumuq.  Görürsünüz, özü də deyir ki, 2 il əvvəl bu fikri demişəm. Demək, AYB bu müddət əzrində səbrlə, təmkinlə davranıb. Bununla yanaşı, Çingiz Abdullayev özü də Azərbaycanın dəyərlərindən biridir. Mənim anlamımda necə ki, Bəxtiyar Vahabzadə böyük şairdir, Çingiz Abdullayev də dünya şöhrətli xalq yazıçısıdır. Yəni insanlara, dəyərlərimizə qarşı normalar çərçivəsində rəftar etmək lazımdır. Ona görə bu məsələ katibliyin iclasında müzakirə edildi, və Elşad Baratın uzaqlaşdırılmasına qərar verildi. Əlbəttə, biz bunu istəməzdik, AYB öz ətrafında çoxsaylı yaradıcı insanları birləşdirir. Məsələ bu həddə gəlib çıxmamalı idi. Əfsus ki, belə sonluqla nəticələndi”. 

Qeyd edək ki, şair  Salam Sarvan da öz “feysbuk” səhifəsində Elşad Baratın AYB-dən çıxarılmasna münasibət bildirib: “Elşad Baratı AYB-dən uzaqlaşması münasibəti ilə təbrik edirəm. Əşşi, yaxşı yer olsaydı, mən üç il qabaq çıxmazdım ki, o təşkilatdan... Onsuz da, növbəti qurultayda Anar müəllimin özünü də, oralardan uzaqlaşdıracaqlar. Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar - istedadsız olduqlarına görə. Çünki istedadsız ola-ola yaradıcılıq ocağı sayılan bir quruma soxulmaq ayıbdır, üstəlik, bu adamların həmin qurumda söz sahibi olmasını həzm eləmək təşkilat üzvləri üçün diskomfortdur. Əşi, bu Elşad bizim hamımızı tənqid edir də, necə olur ki, biz normal qəbul edirik, amma siz dözmürsüz?! Çünki kompleksiniz var, narahatsız, qurcalanırsız, özünüzdən arxayın deyilsiz. Vay dədəə, ağsaqqal-ağsaqqal kişilərin əməllərinə, oyun-oyuncaqlarına bax, sən canın. Vallahi, yerə girərdim, heç quyruğumu da bayırda qoymazdım”.

Afaq Mirayiq