Sosial İslahatlarla bağlı ABŞ-la əməkdaşlıq ediləcək - FOTO
    • 21-06-2019, 15:27
    • 888

Sosial İslahatlarla bağlı ABŞ-la əməkdaşlıq ediləcək - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erl Litzenberq ilə görüş olub.

News24.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verərək, ölkəmizin dayanıqlı inkişafı şəraitində sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.

O, respublikamızda aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, iqtisadi tərəqqinin nəticələrinin əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini deyib. 2019-cu ildə də bu istiqamətdə əhəmiyyətli addımların atıldığını bildirən nazir dövlət başçısının növbəti sosial paketi kimi, bu günlərdə də 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artırıldığını qeyd edib.

S.Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazir ölkədə sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının inkişafı sahəsində işlərin geniş miqyas aldığını və bu sahədə icra olunan ardıcıl layihələri diqqətə çatdırıb. O, gənclərin əmək bazarına çxışının dəstəklənməsində ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi göstərdiyi “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” (SYSLAB) layihəsinin önəmini qeyd edib.

E.Litzenberq ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, müvafiq sahələrdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin, fəal təcrübə və məlumat mübadilələrinin genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında dövlət sosial xidmətlərinin vahid pəncərə prinsipi əsasında təşkili, əlilliyi olan şəxslərin reabilitasiyası, yardımçı və reabilitasiya vasitələrinin alınması,  Nazirliyin əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.