Təhsil eksperti:
    • 28-06-2019, 14:09
    • 1 223

Təhsil eksperti: "Şagirdlər əlavə yüklənirlər"

Tədris ili bitsə də, məktəblərdə dərs yükünün ağırlığı mövzusu gündəmdən düşmür. Valideynlər indidən yeni dərs ilinin nigarançılığını çəkirlər. 

Bu haqda News24.az-a danışan valideyn Gülnur Həsənova (ad şərtidir) uşağının dərs yükündən narazıdır: “Qızımı orta məktəbdən çıxarıb liseyə qoymuşdum. Amma indi çox peşmanam. Dərslər o qədər ağırdır ki, uşaq hər gecə qucağında kitabla yatır, yenə də dərslərini çatdırmır. Təsəvvür edin, 2-ci sinifdə oxuyan uşağa riyaziyyatdan 2 ədədli rəqəmlərin bölməsini keçirlər. Bu ikinci sinfin proqramı deyil axı?”

Valideyn Yasəmən Şükürovanın oğlu isə 4-cü sinifdə oxuyur. Onun dediyinə görə, oğlunu orta məktəbdən çıxarıb, liseyə qoymaq istəyir: «Məktəbdə çox zəif dərs keçirlər, hər ilin axırı mən uşağımı kursların sınaq imtahanlarına aparıram, hamısında da aşağı nəticə göstərib. Amma fikir vermişəm, liseydə oxuyanlar hər dəfə daha çox bal yığırlar. Ona görə də istəyirəm uşağım təhsilini liseydə davam eləsin”.

Valideyn Nisə Mütəllimova da eyni qənaətdədir: “Qızım 3-cü sinifdə oxuyur. İndiyə qədər bir neçə məktəb dəyişmişəm. Heç birindən razı qalmamışam. Deyirlər, liseylərdə dərs yaxşı keçilir, ora da qoya bilmirəm. Evimizə çox uzaqdır. İndi necə olsun, mənim balam bisavad qalsın?”
Göründüyü kimi, valideynlər arasında ziddiyətli fikirlər səsləndirilməkdədir. Kimisi liseylərdə dərs yükünün ağır olmasından, kimi də, orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olmasından narazılıq edir.  

“Dərs yükünün artırılması qanunvericiliyin tələblərini pozur”

Təzadlı fikirlərlə bağlı təhsil eksperti Kamran Əsədovla söhbətləşdik. Onun sözlərinə görə, “Təhsil haqqında qanun”a əsasən, Azərbaycanda orta ümumtəhsil məktəbləri -ümumi orta təhsil, lisey və gimnaziyalara bölünür: “Ölkədə 4472 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlar arasında liseylər də var. Liseylər də dövlət və özələ ayrılır, amma hamısında eyni proqram tədris olunur. Yalnız özəl liseylər nizamnəmələrinə uyğun olaraq ödənişli, dövlət liseyləri isə ödənişsizdir. Özəl liseylərdə   nizamnamədə nəzərdə tutulmuş əlavə dərslər də keçə bilirlər. Rəsm, məntiq və bir neçə xarici dil kimi fənlər tədris olunur. Dövlət liseylərininsə dövlət məktəblərindən fərqi odur ki, idarəetmə müstəqilliyi var. Bu, onlara şagirdi qiymətləri aşağı olduğuna görə məktəbdən çıxarmaq və ya hansısa uşağı qəbul etməmək kimi səlahiyyət verir. Biz qəbul və ya buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə görürük ki, elə də ciddi fərq yoxdur. Uşaqlara əlavə dərs yükünün artırılması qanunvericiliyin tələbinin pozulması deməkdir”.

“Şagirdlər yaşından artıq yüklənirlər”

“Liseylər müəyyən fənlər üzrə ixtisaslaşmış məktəblərdir. Riyaziyyat-fizika, humanitar və dəqiq fənlər üzrə təmayüllü liseylər var. Bunlar həmin sahə üzrə ixtisaslaşırlar. Tutaq ki, orta məktədə tarix fənni 2 saatdırsa, humanitar fənlər üzrə liseydə həmin fənn 8 saat tədris olunmalıdır. Tədris proqamına daxil olmayan əlavə informasiyanın keçilməsinə icazə verilmir” deyən ekspert buna rəğmən liseylərdə uşaqların çox yükləndiyindiyini bildirib: “Təlim metodları fərqli üsullarla şagirdlərə çatdırılmalıdır. Məsələn, dövlət məktəblərində “Səfəvilər dövləti”ni 2 saat ümumi əsaslarla keçiləcəksə, humanitar liseydə bu səkkiz saata əlavə informasiya ilə verilə bilər. Amma yenə də tədris proqramından kənara çıxılmamalıdır. Bizdə isə liseylər özlərini fəqrli göstərmək üçün şagirdlərə əlavə resurslardan istifadə edərək dərs keçir. Bu, düzgün deyil, artıq burada dövlətin tədris proqramı pozulur. Şagirdlər yaşlarına və psixologiyalarına uyğun olmayan səviyyədə əlavə yüklənirlər. Qeyd etdiyim kimi, dövlət məktəbində 2 paraqraflıq dərs liseydə 8 paraqrafa bölünməli, daha rahat keçilməlidir. Liseyin əsas funksiyası budur ki, ağır tədris proqramı hissələrə bölünərək şagirdlərə daha rahat çatdırsın. Bizim liseylərdə isə, əksinə, daha ağır şəkildə  yükləyirlər”.

Lisey məzunları qəbul imtahanında yüksək nəticə göstərir  

Onu da nəzərinizə çatdıraq ki, Dövlət İmtahan Mərkəzi respublikanın ümumtəhsil müəssisələrinin abituriyentlərinin imtahan fənləri üzrə cavablarının statistik təhlilini aparıb. Burada göstərilir ki, hər iki bölmədə əksər fənlər üzrə üstünlük lisey tipli təhsil müəssisələri məzunlarındadır. Çoxsaylı məzun kontingentinin (184 nəfər) olmasına baxmayaraq, liseyi təmsil edən ortastatistik abituriyentin qəbul imtahanında topladığı bal 530.413-ə bərabərdir. Bu liseyin məzunlarının yarısından çoxu (67.4%-i) 500-dən, 66 nəfəri isə 600-dən çox bal toplayıb,  onlardan 144 nəfəri respublikanın ali təhsil müəssisələrinə qəbul olub.

Qeyd edək ki, mövzu ilə bağlı yaranan suallara cavab almaq üçün Təhsil Nazirliyinə müraciət etdik, yaxın vaxtlarda sorğuya cavab veriləcəyi bildirilib.

Afaq Mirayıq