“Kanat bütün nəqliyyat vasitələrindən daha təhlükəsizdir”-
    • 11-07-2019, 15:03
    • 4 403

“Kanat bütün nəqliyyat vasitələrindən daha təhlükəsizdir”- "Tufandağ” İstirahət Kompleksinin direktoru

Gərgin işdən, şəhərin stress və səs-küyündən uzaqlaşmaq istəyənlərin çoxu rayonlarına, dağlara, təbiətə can atır. Bunun üçün Azərbaycanda çoxsaylı istirahət məkanları var. Amma əksəriyyət bu istirahət məkanlarındakı qiymətlərin bahalığından şikayətlənir. 
Qəbələdəki istirahət mərkəzlıərindən biri olan “Tufandağ” Qış-Yay Kompleksinin direktoru Şəbnəm Fərmanın News24.az-a verdiyi müsahibəsində bu və digər mövzularda söhbətləşdik: 

- “Tufandağ” Azərbaycandakı iki xizək kompleksindən biridir. Eyni zamanda dünyada nadir dağ istirahət məkanlarından biridir ki, burada yayda ziyarətçilər qışdakından iki dəfə çox olur. Bunun da səbəbi Tufandağın gözəl təbiəti, eləcə də, Qəbələdəki turizm infrastrukturlarının zənginliyi ilə bağlıdır.



Daha çox hansı ölkələrdən gəlirlər?

- Yay başlayandan Qəbələdə canlanmayaranır, turist axını başlayır. Demək olar ki, burdakı turizm infrastrukturu bütün gücü ilə işləyir. Bu il də, may və iyun aylarında Qəbələyə əvvəlki illərdə olduğu kimi turist axını olub. Yalnız  Ramazan ayı ilə bağlı olaraq keçən illə müqayisədə mayda bir qədər gələn az idi. Amma iyunda ötən yay mövsümüylə müqayisədə qonaq sayı 15-20 faiz  yüksəldi. Ötən iki ildə turistlər əsasən  ərəb ölkələrindən gəlirdisə, bu il qonaqlarmız fərqli ölkələrdəndir. İstər “Tufandağ” kompleksində, istərsə də “Tufandağ” otelində, baxmayaraq, cəmi 50 qonaq otağımız var, 12-13  ölkənin nümayəndələrinin olduğunu görürük. Bu da bizi çox sevindirir. Yəni biz kompleks və otel olaraq heç bir turizm mərkəzindən asılı deyilik, müxtəlif ölkələrdən bizə qonaqlar gəlir. Keçən illərdən fərqli olaraq, dediyim kimi, Hindistan, Pakistan, İsrail, MDB ölkələrindən gələn qonaqların sayı xeyli artıb. Və biz “Tourism board”un xarici ölkələrdə yürütdüyü strategiyanın nəticələrini real olaraq Qəbələdə və “Tufanağ” kompleksinin qonaq müxtəlifliyində görürük.

- Son illər Səudiyyə Ərəbistanından ölkəmizə ciddi turist axınını var. Eyni zamanda onların təmizliyə riayət etməmələri ilə bağlı çox faktlar eşidirik. Otel rəhbəri kimi siz bu haqda nə deyə bilərsiniz? 

- Öncə onu deyim ki bir –iki nəfərə görə, bütün ölkə haqqında fikir bildirməyi doğru saymıram. Ola bilər, bu cür hallar Bakıda və başqa otellərdə tək-tək halda rast gəlinib və həmkarlarım belə bir ümumiləşmə ediblər. Amma “Tufandağ”da biz bunu hiss etməmişik. Hər bir ölkənin fərqli mədəniyyəti var. Və bundan da yaranan fərqli davranışlar var. Belə hallar insanlara natəmizlik, mədəniyyətin eyni səviyyədə olmaması kimi görünə bilər, əslində isə bu, mədəniyyət fərqidir. Bizim kompleksdə artıq buna vərdiş yaranır. Məsələn, bu il kompleksimizə Hindistandan qonaqlar gəlir və onların davranışı, istehlakı ərəb ölkələrindən tamamilə fərqlidir. Biz buna çox operativ olaraq uyğunlaşırıq. Yəni istənilən ölkədən gələn qonaqların gəlişindən məmnunuq və istənilən mədəniyyətin təzahürünü görməyimizə çox şadıq. Bu, müxtəliflikdir. Müxtəlif mədəniyyət isə gözəllikdir. Hesab edirəm ki, istənilən mədəniyyət fərqi bizə, ölkəmizə böyük üstünlükdür.

- “Tufandağ” kimi qış-yay mövsümünə uyğun digər bir kompleks də var - “Şahdağ” Qış-Yay Turizm Kompleksi. Onlarla rəqabəti necə aparırsınız? 

- Biz əslində “Şahdağ”la rəqabətdə deyilik. Çünki həm qış, həm də yay mövsümləri bu iki kompleksdə çox fərqlidir. Və bu fərqdən dolayı müştərilərimiz də fərqlidir. Qış mövsümündə “Şahdağ” və “Tufandağ” komplekslərinin müştəri kateqoriyasında çox aydın sərhədlər olduğuna görə, biz rəqib sayılmırıq. Eyni zamanda istər təbiət, istərsə müştərilərimizin xizəksürmə təcrübələri baxımından  komplekslərimiz fərqlidir. Necə ki, dünyada - Avstriyada, Fransada və böyük xizəkçiliklə məşğul olan ölkələrdə fərqli kurortlar var, bizdə də iki belə məkan var. Xaricdəki yüzlərlə kurort hamısı bir-biri ilə əlaqəli işləyir.  Azərbaycan balaca bir ölkədir. Qış turizmini iki yerə bölsək, bunun bizə təsiri nə olacaq ki? Bizim əhali xizəkçilikdə yenidir. Bunun üçün yerli müştərilərlə xizək mərkəzinin tam fəaliyyətinə nail ola bilmərik. Qaldı ki, xarici turistlərin cəlbi məsələsinə, yenə də biz rəqib deyilik. Çünki xarici turistlər üçün hər iki qış turizm kompleksi çox kiçikdir. Ona görə biz yalnız qış turizmi destinasiyası olaraq  bərabər şəkildə xarici turistləri cəlb edə bilərik.  Yay turizmində isə Qəbələ daha məşhurdur. Bunu statistik rəqəmlərə əsasən deyirəm. Bu halda biz yenə də “Şahdağ”la rəqabətdə deyilik.

- “Tufandağ”ın ən diqqətçəkən əyləncəsi kanatdır. Bəs, burada təhlükəsizliyi necə təmin edirsiz?

- İlk olaraq deyə bilərəm ki, kanat yolları , xüsusən də, “Tufandağ”dakı yol qətiyyən təhlükəli deyil.  Buradakı bütün avadanlıqlar  Avropa standartlarına uyğun quraşdırılıb. Eyni zamanda da biz avadanlıqların günlük, həftəlik, aylıq və illik mütəmadi olaraq texniki baxışınınəzarətdə saxlayırıq. Sizi tamamilə əmin edə bilərəm ki, necə ki, inkişaf etmiş ölkələrdə kanat yollarında heç bir qəza olmur və qəzaların qarşısının maksimum şəkildə alınması təmin olunur, eyni standartlar “Tufandağ” kompleksində də tətbiq olunur.
Odur ki, bu vasitə tamamilə təhlükəsizdir. Hətta deyərdim ki, bu vasitə avtonəqliyyat vasitələrindən daha təhlükəsizdir.

-  Kompeksdəki xidmət qiymətləri necə müəyyənləşir? Kanat xidmətinin  baha olmasının səbəbi  nədir?

- Qəbələdə -  “Tufandağ” kompleksində, ölkədəki eyni fəaliyyətlə məşğul olan digər komplekslərlə müqayisədə qiymətlər 30-40% aşağıdır. Yəni, Qəbələ bahalı turizm destinasiyası deyil. Bizdə qiymətlər bütün sahələrdə illik inflasiya səviyyəsinə, tələb və təkliflərə uyğun qiymətlər əsasında müəyyənləşir. Bu bizdə süni şəkildə getmir. Yəni, sırf şirkətin fəaliyyət göstərməsi üçün zəruri olan iqtisadi faktorlarla təyin olunur.


- Bizim əhali düşünür ki, ölkə daxili istirahət daha baha başa gəlir, nəinki ölkə xaricində. Bu cür fikirlərə münasibətiniz necədir və bu düşüncə haradan qaynaqlanır? 

- Əslində bizim vətəndaşlarımızın xaricə getmək haqqında düşünməsi və buna büdcələrinin imkan verməsi müsbət haldır. Ümumiyyətlə, bu təklifləri irəli sürən agentliklər var. Hazırda, turizmin inkişafı ilə bağlı  infrastrukturlara böyük investisiyalar yatırılır. Vətəndaşlarımıza hər kateqoriyada otellərdən təkliflər olunur. Ümumiyyətlə, həm yerli, həm xarici turistlərə müxtəlif kateqoriyalarda turizm imkanları irəli sürülür. Bizim əhali çox zaman müqayisəni 5 ulduz səviyyəli otellərin qiymətləri ilə aparır. 
Düzdür, “Tufandağ” bölgədə lüks, eksklüziv otel olaraq fəaliyyət göstərir. Qiymətləri digər otellərdən daha bahadır. Amma bu, dünya təcrübəsində normal bir şeydir. Yəni, Qəbələdə 5 ulduz lüks otellər də mövcuddur, eyni zamanda 3 ulduz və yaxud da, ulduzsuz kiçik qonaq evləri də var. Yəni vətəndaşlarımızda bu fikin yranmasına səbəb 5 ulduz otellərin sayının artması və onların öz qiymətlərini bazarın tələblərinə uyğun tənzimləməsidir. Bu zaman yaranan fərq onlarda qiymətlərin çox baha olması fikrini formalaşdırır. Əksinə, turizm strategiyasının inkişafıyla Azərbaycanda istirahət üçün seçim imkanı artıb. Vətəndaşlarımız  bu müqayisəni xarici ölkələrdən gələn müxtəlif təkliflər, erkən rezervasiyalarla müqayisə edirlər. Amma eyni agentliklər yerli turistlər üçün, dediyim kimi, 3 ulduz və daha aşağı büdcəli otellərimizi o qədər də təbliğ etmirlər. Ona görə də müqayisə zamanı onlar digər ölkələrin  erkən rezervasiyaları, toplu satışları ilə bizim ölkəmizda olan 5 ulduz otellərinmüqayisəsindən həmin qənaətə gəlirlər. Amma  halbukihəm regionda, həm Bakıda müxtəlif  büdcələrə uyğun turizm imkanları mövcuddur.

- Oteldə xidmət səviyyəsi necə tənzimlənir? İşində nöqsana yol verən işçi ilə necə davranırsınız?

- Oteldə xidmət səviyyəsi mütəmadi gizli müştəri yoxlamaları, eyni zamanda müştərilərimizlə günlük  xidmətlərinin aparılması haqda sorğuların nəticələrinə görə dəyərləndirilir. Həm günlük,  həm aylıq nəticələrə baxılır və nəticə çıxarılır. Bu yolla hansısa problemin həll yoluna da nail oluruq. Otel sistemi avtomatlaşdırılmış bir sənaye deyil . Bu səbəbdən burada insan faktoru böyük rol oynayır. Təbii ki, insan faktorunu yüz faiz tam idarə etmək mümkünsüzdür. Amma ümumiyyətlə, qonaqpərvərlikdəki hər hansı qüsur varsa, onun ciddiyyətinə uyğun olaraq əməkdaşlar təlimə cəlb olunur. Təbi ki, təlimə cəlb olunmaqla da daha yaxşı nəticələr əldə olunur. Qonaqların böyük narazılığına  səbəb ola biləcək və üzərində  işlənə bilinməyəcək  səhvlər isə bütün şirkətlərdə olduğu kimi, bizdə də  inzibati qaydada həll olunur. Amma “Tufandağ” kompleksi olaraq bizim ən çox istifadə etdiyimiz üsul  yenidən təlim vasitələridir.

-İşə qəbul etdiyiniz hər işçinin ingilis dili bilməsi şərtdirmi?

- “Tufandağ” otelinin böyük əksəriyyəti xaricilər olduğundan qonaqlarla ünsiyyyətdə olan əməkdaşların ingilis dilini bilməsi şərtdir. 

Söhbətləşdi- Ülkər Qasımova
Foto-Video - Fərid Şabanov