“Aqrar İnkişaf Könüllüləri” 1 yaşını qeyd edir
    • 11-07-2019, 20:30
    • 960

“Aqrar İnkişaf Könüllüləri” 1 yaşını qeyd edir

Respublikanın 44 regionunda fəaliyyət göstərən, 1600-dən çox könüllünü ətrafına yığan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşəbbüs qrupu ötən il iyulun 11-də yaranıb. Həmin il noyabrın 13-də isə hərəkat rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.

Təşkilatdan News24.az-a bildirilib ki, “Aqrar İnkişaf Könüllüləri” Kənd Təsərrüfatı Nazirliyinin regionlarındakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM), nazirliyin şöbələrində, elmi-tədqiqat institutlarında və ixtisaslaşmış laboratoriyalarında fəaliyyət göstərir. Könüllülərin məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir.

Bitkiçilik, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və təbliği, yeni bazar alətlərinin istifadəsi, torpaqların keyfiyyət meyarlarının ölçülməsində fermerlərə dəstək və innovativ texnologiyaların tətbiqində iştirak etmək “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyətlərinə daxildir.

Ötən ilin oktyabrında 20 regionda aktiv fəaliyyətə başlayan “Aqrar İnkişaf Könüllüləri” artıq bu hədəflər uğrunda çalışan 1600-dən çox gəncdən ibarətdir. Könüllülər universitetlərdə ardıcıl olaraq görüşlər keçirərək gənc kadrların formalaşması və onların karyera addımlarının stimullaşdırılması üçün təbliğat kompaniyası da apararaq müxtəlif istiqamətlərdə layihələr həyata keçirirlər. Belə ki, aztəminatlı ailələrə yardım, sosial-ictimai məsuliyyətyönümlü, “Ailələri sevindirməyə, üzlərində sevinc yaşatmağa hazırıq” devizi ilə icra edilən “Kənd Sovqatı” layihəsi bunun bariz göstəricisidir.

Bundan əlavə, aqrar sahədə ixtisaslaşmış gənc kadr potensialının artırılması məqsədilə “Aqrar İxtisaslaşmış Jurnalistlər”, “Gənc Aqronomlar Məktəbi”, gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaq məqsədilə keçirilən “Mobil Laboratoriya”, aqrar sahədə data analitikası təbliği ilə bağlı 2 mərhələli keçirilən “Aqrodata”, aqrar təhsilin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə vermək məqsədilə keçirilən “Aqrar İnkişaf Məqsədləri” (AİM) kimi layihələr reallaşdırılıb.

Həmçinin müxtəlif universitet, təşkilat və müəssisələrlə əməkdaşlıq memorandumları imzalayıb.