"20 Yanvar" və "Koroğlu"ya da giriş pulsuz edilə bilərmi? - Rəsmi cavab

"20 Yanvar" və "Koroğlu"ya da giriş pulsuz edilə bilərmi? - Rəsmi cavab Sosial

"Xocəsən" və "Avtovağzal" stansiyalarında sərnişin sıxlığının və avtomobil yollarında tıxacın azaldılması məqsədilə girişin pulsuz edilməsi müzakirələrə səbəb olub. Hazırda "20 Yanvar" və "Koroğlu" stansiyalarında da xüsusilə pik saatlarda ciddi sərnişin sıxlığı müşahidə olunur. Bakı kəndlərindən şəhər istiqamətində hərəkət edən sərnişinlərin böyük hissəsi "Koroğlu" stansiyasından istifadə edir. "20 Yanvar" stansiyası da sıxlığın yaşandığı əsas metro stansiyalarından biridir.

Bəs "Xocəsən" və "Avtovağzal" stansiyalarında olduğu kimi, sərnişin sıxlığını və avtomobil yollarında tıxacları azaltmaq məqsədilə "20 Yanvar" və "Koroğlu" stansiyalarında da girişin müəyyən saatlarda və ya tamamilə pulsuz edilməsi nəzərdən keçirilə bilərmi?

Məsələ ilə bağlı News24.az Bakı Metropolitenin QSC-yə sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “Avtovağzal” və “Xocəsən” stansiyalarında ödənişsiz giriş, xətlərin ayrılması layihəsi çərçivəsində sərnişinlərin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi, eyni zamanda sərnişin axınının daha səmərəli paylanması məqsədilə tətbiq edilən xüsusi tənzimləmə tədbiridir:

"Bu yanaşma Sumqayıt–Bakı istiqamətindən gələn sərnişinlərin şəhər mərkəzinə çatmadan metro şəbəkəsinə yönləndirilməsinə və “20 Yanvar” ərazisində yerüstü nəqliyyat yükünün azaldılmasına da xidmət edir.

“Koroğlu” stansiyasının yerləşdiyi ərazi yüksək sərnişin axınına malik, lakin fərqli istiqamətlərdən əsas nəqliyyat qovşağıdır. Belə bir tətbiq mövcud sərnişin axınının tənzimlənməsinə xidmət göstərməyəcək. Bu qərar axınların kəskin şəkildə qarışaraq, hərəkətin iflic vəziyyətə düşməsinə, o cümlədən stansiyanın buraxıcılıq qabiliyyəti nəzərə alınmaqla, artan sərnişin tələbatının ödənməsinin mümkünsüzlüyünə xidmət edə bilər. Hazırda bu istiqamətdə əsas yanaşma, mövcud sərnişin axınının daha səmərəli idarə olunması, Yaşıl xətt üzrə hərəkətini davam etdirəcək sərnişinlər üçün alternativ həllər, o cümlədən yeni ekspres və gücləndirilmiş avtobus marşrutları təklif edilib. Xətlərin ayrılması layihəsinin icrası dövründə texniki imkanlar və daşıma potensialı nəzərə alınmaqla, “Koroğlu” stansiyasının daha çox Qırmızı xətt üzrə hərəkət edən sərnişinlərə xidmət göstərməsi məqsədəuyğun hesab edilir. Hazırda bu xətt üzrə qatarların hərəkət intervallarının optimallaşdırılması və buraxılış imkanlarının artırılması kimi vəzifələr hazırkı vəziyyət üçün ən optimal həddə çatdırılıb.

Qarşıdakı dövrdə ictimai nəqliyyat üzrə mərkəzləşdirilmiş təhlillər davam etdiriləcək və yeni qərarlar olduqda ictimaiyyətə təfsilatlı məlumatlar təqdim ediləcək".