Beynəlxalq İnformatika Olimpiadasına START VERİLDİ

Beynəlxalq İnformatika Olimpiadasına START VERİLDİ
SOSİAL

05 avqust 2019, 16:23

Mətn ölçüsü

Bu gün Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılış mərasimi baş tutub.

News24 az-ın xəbərinə görə, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”-a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb.

Ceyhun Bayramov bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsil naziri beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyərləri barədə söz açıb.

Tədbirin rəsmi qlobal sponsoru “Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb.

Daha sonra 88 ölkə və regiondan olan “IOI 2019” nümayəndə heyətləri təqdim olunublar.

Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru “ACER”in fəaliyyətinə və Bakıya həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək.

Afaq Mirayiq