İlin əvvəlindən 3 milyondan çox aviasərnişinə XİDMƏT GÖSTƏRİLİB
    • 9-08-2019, 15:34
    • 783

İlin əvvəlindən 3 milyondan çox aviasərnişinə XİDMƏT GÖSTƏRİLİB

2019-cu ilin ilk yeddi ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 milyon nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən News24.az-a veriilən məlumata görə, bunun da 2,6 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur.

Yanvar-iyul ayları ərzində 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, həmin müddətdə 85 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü olmuşdur.

Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,1 milyon və 306 min sərnişin daşımışdır. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 8 faiz çoxdur.

Bakı hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,27 milyon təşkil etmişdir ki, bunun da 33 faizi AZAL-ın, 13,4 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 53,6 faiz təşkil etmişdir.

Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyul ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai” və “AirArabia” daxil olmuşdurlar.