Siyəzəndə itkin düşən gəlinin qayınanası danışdı: “Oğlumu döyürdü, tavanı başına çevirirdi”
    • 27-08-2019, 18:52
    • 1 170

Siyəzəndə itkin düşən gəlinin qayınanası danışdı: “Oğlumu döyürdü, tavanı başına çevirirdi”

Siyəzəndə 30 yaşlı Gülnar Həmzəliyeva üç uşaqla itkin düşüb. 

Ötən ay səhər saatlarında evdən çıxıb geri dönməyən qadınla bağlı polis axtarışlara başlayıb. İtkin gəlinlə bağlı Gülnar Həmzəliyevanın qayınanası Səidə Həmzəliyeva ilə əlaqə saxladıq.

News24.az-a danışan qayınana gəlininin iki ildir ki, birgə yaşadıqları evdən çıxmaq istədiyini deyib: “O, iki ildən çoxdur ki, bizimlə yaşamaq istəmirdi. Biz üç uşağı nəzərə alıb yola verirdik. Gülnar oğlumu istəmirdi, onunla tez-tez dalaşırdı, yola getmirdilər. Biz də dedik, madam yola getmirsiz, boşanın. Gülnarın kənddə ata evi var. Onun valideynləri ölüb, həmin evdə bacıları yaşayır. Gəlin gedib o evdə 2-3 gün qaldı. Sonra da icra orqanlarına şikayət elədi ki, daha orda qalmaq istəmir. İcra orqanları da bizə gəlib dedilər ki, qoy, gəlin də bu evdə yaşasın. Mən də razılaşdım, icraatda yazdılar. Dedim qayıtsın, gəlsin. İcraçıya deyib ki, axşam olsun, evə qayıacam, amma gəlmədi. Bacısına da deyib ki, ora getməyəcəm”. “Mənim bircə oğlum var. Evdə qayınata, qayınanadan  başqa kim var ki..” deyən qayınana itkin gəlininin oğlunu sevmədiyini, hər şeyin də bundan qaynaqlandığını deyir:  “Gülnar deyir ki, məni ərim, qayınanam dolandırmasın,  özüm işləyim, üç övladımı saxlayım. Adama deyərlər, yetim qız idin, sənə yiyə durdum, indi niyə məni bəyənmirsən?! Oğlum 2-ci qrup əlildir, bu, xoşuna gəlmir. İstəmir ki, onunla yanaşı harasa getsin,  bir sözlə,  oğlumu istəmir, bəyənmirdi, onu lağ eləyirdi. Uşaqlarının yanında alçaldıb deyirdi ki, atanız savadsızdır, əlindən heç nə gəlmir... Oğlumu yaxınına buraxmırdı, döyürdü. Balamın üz-gözü cırmaq-cırmaqdır. Oğlum yemək bişirirdi, tavanı onun başına çevirirdi. Qonşular da bilir ki, o, ərini döyür. Əri də döyərlərmi,  ay balam....” Səidə Həmzəliyeva deyir ki, gəlin pal-paltarını bacısıgildə  qoyub gedib: “Lap xəyanət edibsə də, heç olmasa balalarını qoyub gedərdi. Oğlum balaları üçün ağlaya-ağlaya qalıb.  Allah bilir, bu istidə onlar hardadılar, evdən bir dəst paltarla çıxıblar. El içində biabır olmuşuq, adam arasına çıxa biımirik. Görən onu soruşur. Belə yaşamaq olar? Mən dərddən, fikirdən ölürəm. Bilmirəm dərdimi kimə deyim”.  

Qeyd edək ki, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.  

Afaq Mirayiq