Bakı məktəblərində şagird sıxlığı - ARAŞDIRMA
    • 29-08-2019, 17:00
    • 1 295

Bakı məktəblərində şagird sıxlığı - ARAŞDIRMA

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. Dərslərin açılmasına hər kəs sevinsə də, ötən illərdən qalan bəzi problemlər valideynlərin narahatlığına səbəb olub. 

Bu problemlərdən biri, bəlkə də ən əsası siniflərdə şagird sıxlığı ilə bağlıdır. Valideynlər bir sinifdə 35, 40, hətta 46 uşağın olmasından ciddi narazıdırlar.

Evdar xanım Nuranə Əliyeva bildirir ki, övladı 2-ci sinifdə oxuyur: “Bu il qızım 3-cü sinifdə, rus bölməsində oxuyacaq. İnanın, sinifdə 40-a yaxın uşaq var, müəllimlər  məcbur qalıb bir parta arxasında 3 uşaq otuzdurur. Belə şəraitdə uşaq necə yüksək təhsil ala bilər? Müəllim bu qədər uşağa materialı necə çatdıra bilər?”.

Valideyn Mehriban Təhməzova isə bildirir ki, övladının oxuduğu məktəbdə şagird sıxlığı dərsin keyfiyyətinə təsir edib: “Oğlum 4-cü sinifdə oxuyur, bir sinifdə 38 uşaq var. Ötən dərs ilində müəllim bir dərsi iki dəfəyə keçirdi. Dərsi sinfin yarısından bu gün, qalanından da sabah soruşurdu. Tapşırıqları da həmişə yoxlaya bilmirdi. Müəlliməni də qınamram, nə etməlidir, uşaq sayı çoxdur. Yeni müəllimlər lazımdır, yeni siniflər açılmalı, məktəblər tikilməlidir”.

Psixoloq Gülnar Orucova da News24.az-a bildirdi ki, o da şagird sıxlığına görə  övladlarını məktəbdən çıxarmalı olub: “Biz sovet dövrünü bəyənmirik. Amma o zaman bir sinifdə 18 nəfərdən artıq uşaq olmazdı. Sinifdə şagirdlərin say çoxluğu müəllimlərin dərs demə potensialını aşağı salır. Ötən il 284 saylı məktəbin birinci sinfində rus bölməsi üzrə  46 uşaq oturmuşdu. Mən uşağımı o məktəbə qoymaq istəmədim, çünki dərs 45 dəqiqə müddətində aparılır. Bu sinifdə hansı nəticədən, hansı inkişafdan, hansı elmdən bəhs etmək olar. Uşaqların sayının çox olması dərslərə biganəlik, laqeydlik yaradır, çünki 46 uşaqdan hər birindən gündəlik dərs soruşmaq mümkün deyil. Müəllim də şagirdlərindən istədiyi nəticəni gözləyə bilməz. Mən həm valideyn, həm psixoloq olaraq uşaqlarımı şagird sayı az olan liseyə qoymuşam”.  

News24.az
-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs deyir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Amma burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır.

“Təqaüd yaşına çatmış müəllimlər məktəbdən uzaqlaşdırılsın”

Ekspert xarici ölkələrin təcrübəsindən misal çəkərək bildirib ki, Türkiyədə bir müəllimə düşən şagird sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir: “Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədris sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim-şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var”.

Ekspertin sözlərinə görə, artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur: “Bir çox hallarda valideyinlər övladarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmən məktəbin mikroərazisində sıxlıq formalaşırdı. Bu gün ibtidai siniflər üzrə demək olar ki, Bakı şəhərində bütün orta məktəbdə şagirdlərin sayı 35 -dən çoxdur. Bu əlbəttə, keyfiyyətə ciddi təsir göstərir. Çünki 45 dəqiqə ərzində müəllim bütün şagirdləri öyrədə, onların bilik və bacarıqlarını yoxlaya bilmir. Cari tədris ilindən təkcə məkəbəqədər və ibtidai siniflərə yox, eyni zamanda V siniflər üçün liseylərə qəbulun da mərkəzləşdirlmiş qaydada həyata keçrilməsi şagird sıxlığının aradan qalxmasına və ərazi üzrə yerləşdirmənin tam şəkildə həyata keçrilməsinə ciddi müsbət təsir edəcək”.

K.Əsədov onu da əlavə edib ki, ən çox sıxlıq rus bölməsi üzrə olan məktəblərdə yaşanır: “Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Müqayisə üçün qeyd edim ki, son 3 idə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Belə ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınmışdı və bu il, 2019-cu ildə də demək olar ki, eyni rəqəm təkrarlanıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda məktəblərin rus bölməsinin 1 sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir. 2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir. Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək”.

960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur

Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, Bakı şəhərinin bəzi ümumi təhsil məktəblərində şagird sıxlığı müşahidə olunur: “Bu da təbii ki, əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə bağlıdır. Ümumiyyətlə, növbəti tədris ilində I siniflərdə şagird sayı cari tədris ilində IV siniflərdə dərs deyən müəllimlərin dərs apardığı sinif otağının tutumuna uyğun olaraq müəyyənləşdirilir. Əlavə müraciətlər olduğu təqdirdə, məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq əlavə siniflər açılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli, 03.08.2012-ci il tarixli qərarının 2.3.1-ci bəndinə görə “Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sinif otaqlarının sahəsi 36-42 kvadratmetr olmaqla təşkil edilir. NK–nin 10 nömrəli, 19.01.2012-ci il tarixli digər qərarının 2.6.2-ci bəndinə görə eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Eyni zamanda, şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün son illərdə paytaxtda çoxsaylı yeni məktəblər və əlavə tədris korpusları inşa olunur.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil infrastrukturunun inkişafı, eləcə də Bakı şəhərində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı mühüm sərəncamlar imzalanıb. Ümumitəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədris keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir. Bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.
Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.

Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.

Hazırda həyata keçirilən təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.
Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən bəzi ərazilərdə yaranan şagird sıxlığının azaldılmasına zəmin yaradır”.
BTŞİ-dən o da bildirilib ki, birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir: “Ümumilikdə, Bakı şəhərində süni şagird sıxlığının qarşısının alınması məqsədilə təxminən 10-15 faiz məktəblərdə ərazi prinsipi tətbiq edilir. Belə ki, ilk növbədə həmin təhsil müəssisələrinin müəyyən olunmuş ərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Daimi qeydiyyatı olmayan valideynlərə isə məktəbdə sıxlıq olduğu halda, həmin ərazidə ərazi prinsipi tətbiq olunmayan digər məktəbləri seçmələri tövsiyə olunur”.

Qeyd edək ki, region məktəblərindəki şagird sıxlığı ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etdik, qurumdan cavablandırılacağı bildirilib.
Afaq Mirayiq