"Azərbaycanda 18 min hektar üzüm bağları salınacaq" - DƏYİRMİ MASA - VİDEO
    • 30-08-2019, 11:50
    • 1 608

"Azərbaycanda 18 min hektar üzüm bağları salınacaq" - DƏYİRMİ MASA - VİDEO

Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilir. 

“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan tədbir çərçivəsində  Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafına dair Dəyirmi Masa keçirilib. 

News24.az xəbər verir ki, Dəyirmi Masada Azərbaycan Şərab İstehsalçıları və İxtiraçıları Assosiasiyasının sədri Elçin Mədətov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev, beynəlxalq ekspert Pizzi Angelo Antonio, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, professor, texnika elmləri doktoru, "AzQranata" zavodunun direktoru Vüqar Mikayılov, Savalan şərab zavodunun direktoru Əjdər Şəfizadə, "Şirvan wines" zavodunun satış üzrə baş meneceri Nizami Əliyev, Azərbaycan Turizm Bürosu, sənaye birlikləri üzrə menecer Səkinə Əsgərova, Dövlət Turizm Agentliyinin regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Elmir Qədirov iştirak edib. 

Elçin Mədətov dəyirmi masanı açıq elan edərək son 10 il ərzində üzümçülüyün inkişafı barədə geniş məlumat verib: “Bugünki festival şərabçılar və şərabsevənlər üçün həqiqətən də böyük bayramdır. Buna görə də öncə Heydər Əliyev Fonduna və “Şirvan Şərabları” şirkətinə təşəkkür edirəm. Bildiyiniz kimi, şərabçılıq və üzümçülük Azərbaycan üçün o cümlədən də, Cənubi Qafqaz bölgəsi üçün ənənəvi bir sahədir. Azərbaycan şırabçılığı uzun tarix keçib. Müstəqillik əldə olunandan sonra, son 10  il ərzində Azərbaycanda bu sahədə böyük işlər görülüb. Bu illər ərzində 12 tam yeni və müasir şərab zavodu tikilib. Sovetlər dönəmində 19-cu əsrdən qalan zavodlar müasir texnika və texnologiya ilə təhciz olunub. Azərbaycan şərab zavodlarında dünyanın aparıcı mütəxəssisləri çalışırlar. Fransız, italyan, bolqar və Gürcüstandan çoxlu dostlarımız var. Azərbaycanda şəraba və şərabçılığa həmişə  diqqət olduğu kimi, son dövrlər də diqqət var və artır. Sözsüz ki, dövlətin də qayağısı bu sahədən yan keçməyib".

2011-ci ilin sonundan başlayaraq üzümçülüyün inkişafına dair dövlət proqramı qəbul olunub. Ötən ilin may ayında isə şərabçıılığın inkifaçına dair proqramının qəbul olunduğunu vurğulayan E.Mədətov hazırda Azırbaycan şərabçılığının inkişafı artan dinamikada olduğunu deyib: "Misal üçün 2018-ci ilin nəticələrini 2017-ci ilə müqayisə etdikdə, 50 faiz artım müşahidə olunur. İxracımızsa 29,4 faiz artım müşahidə olunur. 7,7 milyon dollara yaxınlaşır. Çox təəssüf ki, göstəricilər Sovetlər dönəmində olduğundan uzaqdır. Amma mənə belə gəlir ki, bizlərin, çərabçıların və təbii ki, dövlətin köməkliyi ilə keçmiş uğurlarmızı yenidən əldə edəcəyik”. 

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Razayev 19 rayon 18 min hektar üzüm bağlarının salınacağını bildirib: “Məqsədyönlü tədbirlərin nəticəsində, Azərbaycanda şərab və şərabçılıq məhsullarının inkişafı 2018-ci ildə 1,6 milyon dekalitr olub. Bunun da 660 min dekalitri ixrac edilib. Hazırda ən çox şərab istehsan edən ölklərdən Rusiya və Çin bazarı Azərbaycan şərabları üçün potensial bazar hesab edilir. Belə ki, 2018-ci ildə cəmi ixrac edilmiş şərabların 96 faizindən artığı məhz bu ölkələrə ixrac edilib. Azərbaycan həmin bazarlarda öz payını əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda da üzüm ixracının 5 dəfə genişləndirilməsi dövlət proqramında nəzərdə tutulub. Hazırda 19 əsəs istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20 faiz yüksəldilməsi, üzüm bağlarının 2,5 dəfədən artıq genişləndirilməsi məqsədə uyğun sayılıb. Seçilmiş 19 rayon üzrə 18 min hektar üzüm bağlarının salınması planlaşdırılır ki, həmin üzümlüklərdən də hekata 100 sentner olmaqla orta mıhsuldarlıq 300 min ton üzüm istehsalı gözlənilir”.

Qeyd edək ki, festival çərçivəsində qonaqları şərabçılıqla bağll al-əlvan geyimli personajlar qarşılayır. Həmçinin ərazidə çeşidli dekorasiyalar, dequstasiya pavilyonları, etnonzinalar təşkil olunub. Festivala ev sahibliyi edən Şamaxı xüsusi güşə ilə təmsil olunur.

Teymur Məmmədov