22 gündə 23 ölü... - Dənizdə boğulma halları niyə artıb? - Ekspertdən SOS
Sosial
Yay mövsümünün başlaması ilə çimərliklərdə insan sıxlığı artıb.
Eyni zamanda suda boğulma ilə bağlı narahatlıqlar da artıb.
Rəsmi statistikaya görə, iyunun ilk 19 günü ərzində ölkədə 12 nəfər suda boğularaq həyatını itirib.
Bu gün isə Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə daha 4 nəfər batıb.
Bəs bədbəxt hadisələrin baş verməməsi, təhlükəsiz istirahət etmək üçün dənizdə və digər su hövzələrində hansı qaydalara əməl olunmalıdır?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev qeyd edib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə bağlıdır: "Qarşısı alına biləcək səhvlər səbəbindən insanlar təhlükəli vəziyyətlə üz-üzə qalırlar.
Dəniz insanların ən çox maraq göstərdiyi istirahət məkanlarından biridir. Lakin bu gözəllik bəzən gözlənilməz şəkildə ciddi təhlükələr yaradır. Çox vaxt insanlar məhz bu təhlükəli məqamları unudurlar.
Spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək bir çox hallarda adi davranış kimi qəbul edilir".
Ekspertin sözlərinə görə, insanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər: "Çünki bu ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici xidmətləri fəaliyyət göstərir və hər hansı fövqəladə hadisə zamanı çevik müdaxilə imkanı mövcuddur.
Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığından, baş verən hər hansı fövqəladə hadisə zamanı insan həyatını xilas etmək çətin, bəzən isə mümkün olmur. Nəzarət olunan çimərliklərdə suyun dərinliyi əvvəlcədən müəyyən edilir, həmçinin insanların xəsarət ala biləcəyi daşlar, qaya parçaları və digər təhlükəli elementlər təmizlənmiş olur.
Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində çətin vəziyyətə düşə bilirlər".
Orxan Musayev maarifləndirmə və təbliğat xarakterli işlərin daha da gücləndirilməsini zəruri sayır.
O qeyd edib ki, insanlar yalnız “dalğalı havada dənizə girmək olmaz” kimi xəbərdarlıqları deyil, həm də dalğaların və axınların insan orqanizminə təsirini də bilməlidirlər: "Axına düşdükdə nə baş verdiyi, boğulma zamanı orqanizmdə hansı proseslərin getdiyi barədə məlumatlı olmalıdırlar.
Çimərliklərdə qaydalar pozulduqda, məsələn qadağan olunmuş ərazilərdə çimmə və ya spirtli içki qəbul etdikdən sonra suya girmə hallarında həm ictimai qınaq, həm də inzibati tədbirlər, o cümlədən cərimələr tətbiq olunmalıdır ki, insanlar bu cür davranışlardan çəkinsinlər.
Boğulma hadisələrinin çoxu saniyələr içində, səssiz və xəbərdarlıq olmadan baş verir. Belə hallarda insanlar çox vaxt qışqırmağa belə imkan tapmadan suyun altında qalırlar.
Hər il təkrarlanan faciələrin əsas səbəbi ehtiyatsızlıq və “mənə heç nə olmaz” düşüncəsidir. Bu yanaşmadan uzaqlaşmaq və təhlükəsizlik qaydalarına ciddi əməl etmək vacibdir".