"Körpələri məscidlərə gətirəndə diqqətli olun" - Mübariz Qurbanlı - VİDEO
    • 10-09-2019, 12:35
    • 739

"Körpələri məscidlərə gətirəndə diqqətli olun" - Mübariz Qurbanlı - VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirib. 

News24.az xəbər verir ki, məsələylə bağlı jurnalistlərə açıqlama verən komitə sədri bildirib ki, şəhidlik zirvəsində hər bir şəhidin öz yeri var: "Şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirməzlər. Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü zamanı bütün şəhidlər yad edirlərsə, bu tamamilə doğrudur. Çünki bu heç bir dinlə ziddiyyət təşkil etmir. Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Həm dinimiz, həm də fətvada bu deyilir. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yalnışdır".

M.Qurbanlı məscidlərə azyaşlıların gətirilməsi məsələsinə də münasibət bildirib: ""Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir. Dini mərasimləri tənzimləyən qanunlarımızda vətəndaşların hər hansı bir dini ibadət yerinə məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerinə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir. Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən biz İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir. Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzn mərasimləri daxildir. Bu mərasimlərə də insanların gəlişi özlərinin istəyindən asılıdır. İslama görə məscidlərə gəliş sərbəstdir. İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onun öz seçimidir. Sadəcə olaraq biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar".

Afaq Mirayiq
Video-Fərid Şabanov