“Leş Tofiq” və dəstəsi ƏLƏ KEÇDİ - FOTOLAR  - VİDEO
    • 12-09-2019, 16:01
    • 2 600

“Leş Tofiq” və dəstəsi ƏLƏ KEÇDİ - FOTOLAR - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşən əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxlərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Toplanmış materiallardan müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş  “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin əsasən gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.

Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, mütəşəkkil dəstənin rəhbərlərindən biri Əlifxan Rzaxanov Sabirabad rayonunun Xəlfəli kəndində eyni qaydada tədarük məntəqəsi yaradaraq mənşəyi məlum olmayan heyvan ətlərini ətraf rayonlardan toplayaraq Alıbəy Rzaxanova göndərilməsini təşkil edib.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.