Hacıbala Abutalıbovun 31 ildir işlədiyi başqa bir vəzifəsi də varmış...
    • 17-09-2019, 20:09
    • 887

Hacıbala Abutalıbovun 31 ildir işlədiyi başqa bir vəzifəsi də varmış...

Baş nazirin müavini Hacıbala Abutalıbov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da vəzifə tuturmuş.

News24.az qaynarinfo.az-a istinadən xəbər verir ki, 75 yaşlı Hacıbala Abutalıbov 31 ildir AMEA-nın Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

Qeyd edək ki, o, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Haqqındakı məlumatlardan o da bəlli olur ki, Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Abutalıbovun barəsində bəhs etdiyimiz 31 illik vəzifəsi isə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postudur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu postu 2000-ci ilədək icra edib.

2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək Baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinat alıb.

Ötən ildən isə baş nazirin müavinidir.

Bir sözlə, son 20 ildə Abutalıbov çox yüksək vəzifələr tutub, ancaq digər vəzifəsi bütün bu müddət ərzində də dəyişməz qalıb: o, Fizika İnstitutunun "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri vəzifəsini tutmağa davam edib.

Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi:

"Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi ki, bu hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub..."