Məsafələr əngəl deyil - ŞƏHƏRİ KƏNDƏ DƏYİŞƏN MÜƏLLİMLƏR - REPORTAJ - FOTOLAR
    • 5-10-2019, 12:44
    • 1 706

Məsafələr əngəl deyil - ŞƏHƏRİ KƏNDƏ DƏYİŞƏN MÜƏLLİMLƏR - REPORTAJ - FOTOLAR

“Məktəb müəllimləri elə peşə sahibdirlər ki, baş nazirlər bu güc haqda ancaq xəyal edə bilərlər” – Uinston Çörçil (İngilis siyasi və dövlər xadimi) 

Bu gün xarici ölkələrlə bərabər, Azərbaycanda da Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Təhsil Nazirliyinin Quba rayonunda yerləşən məktəblərə təşkil etdiyi mediatur çərçivəsində reportaj hazırlamaq qərarına gəldik.

5 oktyabr məhz peşəsini sevən, müəllim adını layiqincə daşıyan, şagirdlərə bilik verərək onları gələcəyə hazırlayan və savadlı gələcəyi təmin edən insanların günüdür. Necə ki, bunu Qubanın Əspərasti kəndinin Nurəddin Rzayev adına tam orta məktəbin 41 illik müəllimi Ağakərim Qazıyev edir


60 yaşlı müəllim: “Bu zamana kimi heç bir şagirdə əl qaldırmamışam”

Qubanın dağlıq kənd məktəbində ibtidai sinif müəllimi olan A. Qazıyev ibtidai sinif müəlliminin məhz xanım olması fikrini qəbul etmir. O bildirir ki, uşaqların kişi müəllimlərdən öyrənməli olduğu bir çox xüsusiyyət var. 60 yaşlı müəllim uşaqlarla davranmağın yollarını yaxşı bilir. Çünki o, həm də babadır. 60 yaşında belə müəllim işləməkdən zövq alan A.Qazıyev, bu illər ərzində şagirdlərə əl qardırmayıb. Bu heç onun ağlından da keçməyib. Onun fikrincə balacaları sevərək, onlara sığal çəkərək ələ almaq mümkün və lazımdır.

Ya Qubanın gözəlliyi, ya da ucqar yerlərdə təhsilsiz şagirdlərin olmaması istəyindən irəli gəlir ki, Azərbaycanın bir çox bölgəsindən, əsasən də Bakıdan imtahanlardan yüksək bal toplayan müəllimlər məhz bu məktəbi seçib. 


Ucqar kənd məktəbinin müəllimi: “Həmişəlik burda dərs demək istəyirəm”

Cəfərov Orxan bu məktəbdə tarixdən dərs deyir. Şabran rayonundan Qubaya təyinat alıb. Deyir ki, buranı çox sevirəm və həmişəlik bu məktəbdə qalıb şagirdlərə dərs demək istəyirəm. 24 yaşlı müəllim şagirdlərinə böyük qardaş olduğunu deyir. 


İmtahandan 40 bal toplayan informatika müəllimi Samirə Məmmədli də həmkarı kimi buranı sevir. Şagirdlərinə texnologiya bilikləri öyrədir və Bakıya geri dönmək ağlından da keçmir. Deyir ki, Bakıda yetəri qədər bilikli müəllimlər var. Ucqar kəndlərdə isə informatikanı tədris edən pedaqoqlara ehtiyac duyulur. Peşəsinə olan sevgisini isə aylıq məvacibinin cüzi olacağı təqdirdə yenə də məhz bu məktəbi seçəcəyini deməsi ilə bəlli olur. 

Bir zamanlar bölgə məktəblərində xarici dil müəllimləri azlıq təşkil etsə də, hazırda bu problem də gənc müəllimlərin səyi ilə həll olunur. Elə Fərəcova Aysel sözünü etdiyimiz gənc müəllimlər sırasındadır. İmtahandan 41 bal toplayan müəllimə kənd yerlərindəki şagirdlərə xarici dil öyrətmək istədiyini deyir. Həm də onu deyir ki, Qubada qalmaq üçün dövlət tərəfindən kömək alır, şagirdlərinə sona qədər bilik verib sonra bu məktəbi tərk edəcək.


“Heç bir məsafə müəllim olmaq istəyinin qarşısında dura bilməzdi”

“Heç bir məsafə müəllim olmaq istəyinin qarşısında dura bilməzdi” deyir, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə Gəncədən gələn 23 yaşlı fransız dili müəllimi Şövkət Orucova. 41 bal toplayıb, 7 dərs saatı var. Bildirir ki, onun gəlişinə qədər bu məktəbdə fransız dili yüksək səviyyədə tədris olunmayıb. Şagirdlərdə bu fənn üzrə zəifliyin olduğunu, lakin onların çalışqan olduğunu da fikirlərinə əlavə edir. 

Yaşı az olsa da məktəb şagirdlərinin ona hörmət etdiyini, hətta kitabları ağır olduqda ona yardım əllərini uzatdıqlarını bildirir. 
Sonda isə yazını Aristotelin sözləri ilə bitirmək yerinə düşər: “Təhsilli və təhsilsiz şəxs arasındakı fərq, ölü və diri insan arasındakı fərqə bərabərdir”. 

Bayramınız mübarək, şərəfli peşənin sahibləri, savadlı gələcəyin təminatçıları! 

Teymur Məmmədov / News24.az
Bakı-Quba-Bakı