Pul yığan məktəb direktoru işdən çıxarıldı- SON DƏQİQƏ -VİDEO
    • 7-10-2019, 15:48
    • 2 845

Pul yığan məktəb direktoru işdən çıxarıldı- SON DƏQİQƏ -VİDEO

News24.az-ın qaldırdığı növbəti məsələ ( https://news24.az/24474-mekteb-direktoru-muellimler-arasinda-pul-bolgusu-aparir-.html ) həllini tapdı.  

Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı News24.az-a müəllimlər müraciət edərək narazılıqlarını bildirmişdilər. Saytımız da məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlamışdı. Az öncə nazirlik sözügedən sorğuya cavab verib.

Cavabda bildirilir: “Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olublar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq, yeni məktəbin tikintisi müddətində tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Buna baxmayaraq məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanılması üçün göstəriş verib. Məsələ ilə bağlı araşdırma davam edir”.

Qeyd edək ki, Suraxanı rayonunda yerləşən Kəlbəcərin 108 saylı məktəbindən News24.az-a şikayət daxil olub. Məktəbin tarix və ibtidai sinif müəlliməsi Hacıyeva Rəxşəndənin saytımıza verdiyi məlumata görə, direktor Bəsti Hüseynova müəllimlər arasında pul bölgüsü aparır: “1700 manatdan arendaya məktəb götürür. 3 min manatdan pul yığır, hər müəlliməyə 150-200 manat məbləğində pul yığmağı tapşırıb. Ailəmi güclə dolandırıram, hər ay bu qədər pulu necə ödəyim mən..."


Xatırladaq ki, direktorun müəllimlərlə pul bölgüsü ilə bağlı danışığı və saytın əməkdaşına sərt reaksiyasını əks etdirən səs yazısını da diqqətə çatdırmşdıq. 

Afaq Mirayiq