Şəki Penitensiar müəssisəsinə başçəkmə HƏYATA KEÇİRİLDİ
    • 7-10-2019, 18:06
    • 1 154

Şəki Penitensiar müəssisəsinə başçəkmə HƏYATA KEÇİRİLDİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə keçirilib.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, məhkumların və təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına və digər obyektlərə baxışlar keçirilmiş, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə məhkumlar, habelə təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən və barələrində aparılan istintaqdan narazılıqlarını bildirib.

Başçəkmə çərçivəsində fərdi qəbul və görüş zamanı qaldırılan məsələlər yerində araşdırılmış, istintaqla bağlı məsələlər üzrə Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər yerində təmin olunub.

Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.