"Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi təqdirəlayiq haldır"- Erkan Özoral
    • 22-10-2019, 14:33
    • 953

"Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi təqdirəlayiq haldır"- Erkan Özoral

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin yeni dini işlər üzrə müşaviri Zəki Yavuzyılmaz ilə görüşüb.

DQİDK-dən News24.az-a verilən məlumata görə, müşavirə yeni işində uğurlar arzulayan Mübariz Qurbanlı Azərbaycan-Türkiyə arasındakı dost və qardaş münasibətlər barədə danışıb. DQİDK sədri bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din İşləri üzrə Müşavirliyin böyük xidmətləri var.

Eyni zamanda, görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığının, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinin və dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının təqdirəlayiq hal olduğunu bildirib.
  
Dini işlər üzrə müşavir Zəki Yavuzyılmaz məhz Azərbaycanda fəaliyyətə başlamasının onun üçün sevindirici hal olduğunu deyib. Ölkələrimiz arasında dini sahədə tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edən müşavir qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və genişləndirilməsi perspektivlərinin əhəmiyyətinə toxunub.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.

Afaq Mirayiq