Ailə quran gənclərə Bayraq HƏDİYYƏ EDİLƏCƏK
    • 7-11-2019, 13:15
    • 865

Ailə quran gənclərə Bayraq HƏDİYYƏ EDİLƏCƏK

Gənclər və idman nazirliyinin 9 noyabr - Bayraq günü münasibəti “İradənlə qalib gəl!” şüarı altında həyata keçirdiyi aksiyalar davam edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 4-5 noyabr tarixdə Tərtərdə və Yardımlıda gənclər tərəfindən açıq mikrafon formatında müstəqil Azərbaycanın rəmzi olan Bayrağı tərənnüm edən vətənpərvərlik mahnıları ifa edilib.

4-8 noyabr tarixlərində Zaqatalada və İsmayıllıda yeni ailə quran gənclərə Dövlət Bayrağı hədiyyə ediləcəkdir. Bu təşəbbüs ölkəmizdə yeni ənənənin qoyulmasında birinci addımdır.

Biləsuvar və Samux gəncləri “Bayraqdar” intellektual-əyləncəli komanda yarışında iştirak edib. Açıq havada keçirilən bu yarışda məqsəd verilmiş tapşırıqlar əsasında daha çox Bayraq toplamaq olub.

Lerik rayonunda gənclər milli intellektual oyunu olan “Xəmsə” yarışında iştirak edib. Bu dəfə bütün suallar müstəqilliyimiz, dövlətimiz, Bayrağımızla bağlı olumuşdur.

Göygöl və Yevlaxda gənclər Bayrağımızı sağlam həyat tərzi tədbirləri vasitəsi ilə tərənnüm edib. Bu rayonlarda “SportFest” əyləncəli yarışları təşkil edilmiş, yüzlərlə gənc onlarda iştirak edib.

Qeyd edək ki, 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçirilir. Bu sırada 1-3 noyabr tarixlərində Nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində “Açıq qapı” aksiyası keçirilmişdir. Bu təşəbbüsə Şamaxı və Masallı Gənclər və idman İdarələri də könüllü olaraq qoşulmuşdur. Tədbirlərdə bütövlükdə 20 minədək gənc iştirak edib.

4 noyabr tarixdə Bakı şəhərində VI Bayraq Festivalı keçirilmişdir. Bayrağımızın tarixi ilə bağlı xüsusi hazırlanmış və ilk dəfə təqdim edilmiş bədii kompozisiyanı 800-dən artıq gənc tamaşaçı izləyib.