“28 May”da sıxlıq artır: Ekspres avtobusların sayı artırılacaq?
Sosial
Bakı Metropolitenində “Nizami”–“28 May” stansiyaları arasında hərəkətin dayandırılmasından sonra sərnişinlərin daşınması üçün təşkil olunan ekspres avtobuslarda sıxlıq gündən-günə artır. Xüsusilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində fəaliyyət göstərən M1, M2 və M3 ekspres avtobuslarında hər gün müşahidə olunan sıxlıq narahatlıq yaradır.
Qarşıdakı günlərdə yeni tədris ilinin başlayacağını nəzərə alsaq, sərnişin sayı daha da artacaq.
Bəs, bu sıxlığın qarşısını almaq üçün avtobusların sayı artırılacaqmı? Bu istiqamətdə hansı tədbirlər görüləcək?
Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib. Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir. 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb.
Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspres) 140 dan çox əlavə avtobus cəlb olunub.
Təkcə ekspres marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 000-ə yaxın sərnişin daşınır.
Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 000 sərnişinə xidmət göstərilir.
Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanada sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır".
Qeyd edək ki, AYNA-dan ekspres avtobuslarının sayının artırılıb-artırılmayacağı barəsində sorğumuza dəqiq cavab ala bilmədik.