28 min abituriyentin aqibəti necə olacaq? - Təhsil ekspertindən DİM-ə etiraz

28 min abituriyentin aqibəti necə olacaq? - Təhsil ekspertindən DİM-ə etiraz Sosial

Ali məktəblərə ixtisas seçiminin birinci mərhələsi başa çatıb və hazırda ikinci ixtisas seçimi mərhələsi davam edir. İlkin nəticələrə əsasən, 28 mindən çox abituriyent müsabiqədən kənarda qalıb. Eyni zamanda, ali təhsil müəssisələrində təxminən 1 100-dən çox boş yerin qaldığı bildirilir.

Bəs müsabiqədən kənarda qalan abituriyentlərin aqibəti necə olacaq? Boş qalan yerlər onların ali məktəbə qəbul şanslarını nə dərəcədə artırır?

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə mütəxəssis Əmrah Həsənli qeyd edib ki, üçüncü ixtisas qrupunda cəmi 5, birinci ixtisas qrupunun Riyaziyyat-informatika altqrupunda isə 2 ixtisas üzrə boş yerlər qalıb. Yəni yerlər olduqca məhdud saydadır, digər qruplarda da vəziyyət oxşardır.

Nəzərə alsaq ki, 28 min abituriyent müsabiqə şərtlərindən kənarda qalıb, o zaman, burda da rəqabətin böyük olduğunu deyə bilərik”.

Mütəxəssis bildirib ki, Dövlət İmtahan Mərkəzinin bu prosesdə bir yanlışı var: “Avqustun 28-dən, yəni bu gündən etibarən sentyabrın 8-dək ali təhsil müəssisələrinə qəbul olan tələbələrin qeydiyyatı aparılır. Amma nəzərə almaq lazımdır ki, sentyabrın 8-dək qeydiyyatdan keçməyənlər də olacaq. Həmin şəxslərin tələbə statusu qazanmaması da boş yerlərin yaranmasına gətirib çıxarır.

Amma Dövlət İmtahan Mərkəzi nədənsə boş qalan yerlərə ixtisas seçimini bu prosesdən əvvəl həyata keçirir. Yəni növbəti mərhələdə qeydiyyatdan keçməyənlər səbəbindən yaranacaq boş yerlər üzrə ixtisas seçimi olmayacaq. Bəzi gənclər təhsil haqları yüksək olduğuna görə ödənişli ixtisaslara müraciət etmirlər. Amma ödənişli əsaslarla olsa belə, həmin ixtisaslarda təhsil almaq istəyənlər də az deyil. Onlar arasında qəbul olunub sonradan imtina edənlər də var və nəticədə həmin yerlər boş qalır”.

Əmrah Həsənlinin sözlərinə görə, həmin boş yerlərin qalmasıda bu universitetlərə maliyyə baxımından təsir göstərəcək:

“Düşünürəm ki, burada Dövlət İmtahan Mərkəzi əvvəlcə qeydiyyat prosesini tamamlamalıdır. Sentyabrın 8-dən sonra boş qalan yerlər müəyyənləşdirilməli, imtinalar qiymətləndirilməli və real boş yerlərlə birlikdə ixtisas seçimi müsabiqəsi başlamalıdır.

Amma nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi bu il bunu etmədi, daha doğrusu, əvvəlki illərdə də bu prosesin olub-olmadığı sual doğurur, hesab edirəm ki, müvafiq qurumlar bu mexanizmi nəzərdən keçirib mövcud problemin aradan qaldırılması istiqamətində addımlar atmalıdırlar”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, əsas yerləşdirmədən sonra qəbul olunanların imtina etməsi halları çox deyil: “Hətta bəzən müəyyən olunmuş vaxt bitəndən sonra da müraciətlər olur, bildirirlər ki, filan səbəbdən gecikmişik və qeydiyyatdan keçib oxumaq istəyirik.

Bundan əlavə, qəbul prosesinin yekunlaşdırılması ilə tədris prosesinin vaxtında başlanması arasında balans yaratmaq lazımdır. Qəbul, qeydiyyat, əmrlərin göndərilməsi, universitetlərin daxili hazırlıq işləri və s. məsələlər vaxtında tənzimlənməlidir ki, tədrisin fasiləsizliyi təmin edilsin”.

Qeyd edək ki, ali məktəblərə ixtisas seçiminin ikinci mərhələsi bu gün yekunlaşacaq.