Azərbaycanda 5 ildə 3 minə yaxın şəxs İNTİHAR EDİB
    • 26-11-2019, 12:26
    • 674

Azərbaycanda 5 ildə 3 minə yaxın şəxs İNTİHAR EDİB

Azərbaycanda son 5 ildə intiharların sayı təqribən 3 minə çatıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Bunun yüksək rəqəm olduğunu söyləyən nazir müavini bildirib ki, intihar edənlərin 2/3-i kişilər, 1/3-i isə qadınlardır.

"Bunun ən üzücü tərəfi odur ki, intihar faktları arasında 173 nəfəri uşaq və yeniyetmədir. Əvvəllər bunun daha çox yaşlı insanların problemi olduğu düşünülürdü".

A.Kərimov intiharların əsas 2 aspektinə diqqət çəkib: "Birinci aspekt budur ki, bunun səbəbləri sosial yönümlü ola bilir. Sosial təminat, işsizlik problemləri, bəzi hallarda sosial psixoloji məsələlər də buna səbəb ola bilər. Digər tərəfdən görürük ki, Azərbaycanda bir çox hallarda həssas təbəqələr arasında baş verir. Bura ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları olanlar, keçmiş məhbuslar və s. aiddir. Amma yaddan çıxarmaq lazım deyil ki, intiharlar yalnız kasıb, yoxsul ailələrin problemi deyil. Bir çox inkişaf etmiş Avropa ölkələrində də bu problemə rast gəlinir".
A.Kərimov qeyd edib ki, Azərbaycanda intiharlar daha çox həssas təbəqələrə aid və sosial yönümlü olduğu üçün bunun qarşısının alınması məsələsinə daha geniş və kompleks yanaşma tələb olunur.

"Bu, yalnız bir qurumun, təşkilatın problemi olmalı deyil. Bütöv cəmiyyət problemin aradan qaldırılması üçün səylərini əsirgəməməlidir. Cari il ərzində bir çox sahələrdə dəyişiklik görülür, xüsusilə də sosial xidmətlərdə. Bu ona görə vacibdir ki, ilk növbədə sosial xidmətlərin əhatəsi genişlənir, onların çeşidləri artır. Digər tərəfdən bu xidmətlər elektron şəkildə göstərilir. Bir çox məqamlarda bunlar artıq vətəndaşlarda qıcıq yaratmır. Onlar əlavə süründürməçiliklə üzləşməyə, hansısa sənədləri toplamağa məcbur deyillər. Bu da onların psixoloji durumuna hansısa mənfi təsirin qarşısını alır". /azvision/