AzMİU RİBA təşkilatının beynəlxalq akkreditasiyasını aldı - FOTO
    • 4-12-2019, 15:19
    • 1 828

AzMİU RİBA təşkilatının beynəlxalq akkreditasiyasını aldı - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alıb.

News24.az xəbər verir ki, Avropada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU bundan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanacaq. Onu da qeyd edək ki, AzMİU MDB məkanında RİBA-nın akkreditasiyasından keçən yeganə ali məktəbdir.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın sözlərinə görə, rəhbərlik etdiyi universitetlə sözügedən təşkilat arasında əməkdaşlığın tarixi 2015-ci ildən başlayır. “Hazırladığımız ixtisasların beynəlxalq akkreditasiya alması qarşıya qoyduğumuz məqsədlərdən biridir. 4 ildir ki, İngiltərənin nüfuzlu RİBA təşkilatı ilə əməkdaşlıq edirik. Təşkilatın məsləhətçisi Loreyn Farellinin, eləcə də qurumun digər təmsilçilərinin səfərlərindən sonra Memarlıq fakültəsində təhsilin keyfiyyətinin artırılması üçün əsaslı, geniş yenidənqurma işləri apardıq, maddi-texniki bazanın gücləndirilməsindən tutmuş dərsliklərə, dərs proqramlarına qədər yenilədik.

Bu təşkilatın tələblərinə uyğun olaraq, universitimizdə memarlıq təhsili yenidən quruldu, layihə dərslərinin həcmi artırıldı, tələbələrin yaradııcılığının inkişafını təmin edən yeni metodika tətbiq edildi,  təhsilin ilk illərindən kompüter proqramlarının tətbiqinə başlandı. Eyni zamanda qurumun təhsil bölməsinin rəhbəri cənab Devid Qlosterin iştirakı ilə RİBA-nın müsabiqələrində qalib gələn tələbələrin işlərindən ibarət sərgi də keçirdik. Fakültənin akademik heyəti RİBA-nın tövsiyələrinə əməl edərək, onların dəstəyi ilə son 4 ildə böyük dəyişikliklərə imza atdılar. Bu günlərdə isə RİBA-nın akkreditasiya komissiyasının üzvləri universitetdə oldu, rəhbərlik və fakültənin akademik heyəti və tələbələrlə görüşlər keçirdi, tələbələrin buraxılış işlərinə baxdılar, eləcə də Memarlıq fakültəsinin bütün tədris sənədləri yoxlanıldı. 4 ildə aparılan işlərin nəticələrinə əsasən RİBA universitetimizə bu Akkreditasiyanın verilməsi barədə müsbət qərar qəbul etdi.

Beləliklə, hazırda Memarlıq fakültəsində oxuyan və bundan sonra da 5 il ərzində bu fakültəni seçən gənclərimizin diplomları Böyük Britaniyada, eləcə də Avropa İttifaqı ölkələrində tanınacaq. Bu, böyük uğurdur, biz onu əldə etmək üçün çox çalışdıq və bu gün uğurlu nəticəni gördük. Düşünürəm ki, memarlıq ali təhsilinin 100 illiyi ərəfəsində bu uğurumuz ölkəmizin çoxəsrlik tarixə və mədəniyyətə malik olan memarlıq irsinin davamçılarına – memarlarımıza ən gözəl hədiyyə oldu. Fəxr edirik ki, biz, bu işi gördük, fəxr edirik ki, biz, bu gün beynəlxalq aləmdə tanınan, tarixi ənənələri və üslubu olan Azərbaycan memarlarının təmsilçiləriyik”.  

Rektor Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova başda olmaqla, bu işdə əməyi keçən Memarlıq fakültəsinin kollektivin bütün üzvlərinə, eləcə də layihənin koordinatoru olan Strateji inkişaf üzrə prorektor Ülkər Səttarovaya minnətdarlığını bildirib.