Yeni il  2100 manata bir gecə Bakıda, yoxsa, 6 gün Parisdə? FANTASTİK QİYMƏTLƏR - ARAŞDIRMA
    • 13-12-2019, 10:40
    • 2 272

Yeni il 2100 manata bir gecə Bakıda, yoxsa, 6 gün Parisdə? FANTASTİK QİYMƏTLƏR - ARAŞDIRMA

Yeni ili Azərbayanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir. 

Məhz buna görə News24.az Azərbaycanda Yeni il qeyd etmək istəyənlər üçün otellərdəki qiymətlərlə maraqlanıb. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb.

"Quba Palace Hotel"də qiymətlər 1700 manatdan başlayır. Bura oteldə iki nəfərin iki gecəlik müsafirliyi- səhər yeməyi, 31 dekabrdakı qala gecəsində iştirakı və dağ mənzərəsi daxildir. Ürəyinizdən göl mənzərəsi də keçirsə, o zaman 100 manat da artıq ödəyib 1800 manatınızdan keçməlisiniz. 

Otelin ən bahalı paketi isə 2000 manat təşkil edir. Bu isə VİP müştərilər üçün nəzərdə tutulub. Bu paketi alan hər kəsə lüks şərait, yüksək konfort vəd olunur.

"Quba Palace Hotel"dən heç də geridə qalmayan digər məkan isə Şəkidəki "Marxal Resort&Spa"dır. Burda yeni ili qarşılamaq istəyən iki nəfər 1600 manat ödəməli olacaq.

Yeni ili ailəniz və sevdiklərinizlə təbiətdə qarşılamaq istəyənlər Şamaxıya - "Shamakhi Palace Sharadil" də üz tuta bilərlər.  Bu otelin qiymətləri 1252 manatdan başlayır. Bura iki nəfərin iki günlük qalması, açıq bufet nahar yeməyi, qala şam yeməyi, Yeni il konserti, şou proqram, xüsusi uşaq əyləncə proqramı, SPA və Fitnes mərkəzi, otaqlarda çay və qəhvə dəsti, qapalı hovuz daxildir.

Şağdağda yerləşən "Zirvə Hoteli"də istirahət etmək istəyən iki nəfər isə 1100 manat ödəməli olacaq. Bura iki gecəlik otaq, gündə iki dəfə qidalanmaq, və yeni il şənliyi daxil edilib. Əgər, yeni ili otelin tərkibindəki "Təranə" restoranında qarşılamaq fikrinə düşsəniz, 1300 manat ödəyəcəksiniz.

"Qalaaltı Hotel & SPA"- da 2 gecə 3 günün qiyməti 950 manat təşkil edir. Bura iki nəfərin gecələməsi, gün ərzində 3 dəfə açıq bufet qidalanma, yeni il axşamı açıq bufet menyusu (spirtli və spirtsiz içkilər), uşaqlar üçün xüsusi əyləncəli proqramlar (Şaxta Baba və Qar Qız), maraqlı oyunlar, viktorinalar və hədiyyələr daxildir. Bununla yanaşı 31 dekabr və 1 yanvarda canlı musiqili proqram, atəşfəşanlıq, DJ/Diskoteka, spa, hovuz və fitness mərkəzindən istifadə də təklif olunur.

"Lankaran Springs and Wellness Resort" da iki standart iki nəfərlik yeni il tətilinin qiyməti 890 manat təşkil edir.
"Sakit Göl Hotel" də qiymətlər fərqlidir. Burada qiymət 830 manatdan başlayıb 850-ə dək davam edir. Əgər, müştəri spirtli içki sifariş edərsə, o zaman qiymət daha baha olacaq. 

Ən bahalı otellərdən hesab olunan "Qafqaz"da bu il nisbətən qiymətlərdə endirim nəzərə çarpır. Məsələn "Qafqaz resort"da bir gecə qalmaq, həmçinin də yeni il şənliyini qeyd etmək 360 manatdan başlayır. 

Daha çox yay aylarında sıxlıq müşahidə olunan Nabranda da yeni il şənlikləri qeyd olunacaq. Bu ərazidə yerləşən "Vogue Hotel Nabran" otelində standart otaqlar, həmçinin də yeni il proqramı daxil olmaqla 300 manat təşkil edir.

Araşdırmamızı bununla bitirmədik. Qərara gəldik ki, paytaxt otellərin qiymətləri ilə də maraqlanaq. Nəticəni təqdim edirik:
Siyahıda lider "Four Seasons Hotel Baku"dur. 31 dekabr paketinə səhər yeməyi, gecə qalmaq, şou-proqram daxildir. Qiymət isə nə az nə çox düz 2100 manat təşkil edir. 

Növbəti bahalı məkan isə "Fairmont Baku" otelidir. Burada dekabrın 31-i gecələmə, səhər yeməyi, yeni il proqramı, spirtli içkilər nəzərdə tutulub. Qiymət isə 827 manat təşkil edir. "Fairmont Baku"da qalmaq istəməyən müştərilər isə otelin daxilindəki müxtəlif iki restoranda şam yeməyi yeyə bilər. Proqramlardan birində "İsveç masa"sı nəzərdə tutulub ki, bunun qiyməti 120 manatdır. Digər bir restoranın şam yeməyi isə 220 manat təşkil edir.

"Boulevard Hotel Baku"da bir nəfərin yeni il gecəsi 540 manata başa gəlir. Restoranda baş tutacaq şənliyin və şam yeməyinin qiyməti isə 290 manatdır.

Əgər, könlünüzdən yeni il məşhur "Hilton Baku" otelində keçirtmək gəlirsə, o zaman əlinizi cıbınızə  salmalısınız. Sözügedən otelin birinci mərtəbəsində yerləşən restoranda şam yeməyinin qiyməti 130 manat təşkil edir. Bura əlavə olaraq 1 badə şampan da təklif olunur. Otelin digər dəbdəbəli restoranında yeni il şənliyinin qiyməti isə 225 manatdır.

Araşdırmamızdan məlum oldu ki, orta hesabla azərbaycan vətəndaşı sözügedən otellərdə yeni ili qeyd etmək üçün gecə-gündüz çalışmalıdır. 

Maraqlıdır, bəs görəsən, xarici ölkələrdə yeni il tətili neçəyə başa gəlir?

Məsələn, əgər, siz yeni ili Rusiyanın mədəniyyət mərkəzi olan Sankt-Peterburqda qeyd etmək istəyirsinizsə, o zaman bunun qarşılığında 482 
AVRO (908 manat) ödəməli olacaqsınız. Bura məşhur otellərdən birində bir həftəlik müsafirlik, aviabilet və səhər yeməyi daxildir. 

İsveçrənin Cenevre şəhərində unudulmaz yeni il tətili keçirən şəxs üçün büdcəsindən 1275 AVRO (2403 manat) ayırmalı olacaq. Sözügedən tura aviabilet, 7 gecəlik qonaqlama, qidalanma və transfer aid edilir. 

Daha bir alternativ yer isə Dubaydır. Əgər, siz yeni ilinizi ərəb ölkəsində qarşılamaq istəyirsinizsə, o zaman 910 AVRO (1715 manat) xərc çəkməlisiniz. Nəzərə alsaq ki, Bakıda yerləşən "Four Seasons Hotel Baku"da yeni il gecəsinin qiyməti nə az nə çox düz 2100 manat təşkil edir, o  zaman bu seçənəkdən yararlanmağa dəyər. Çünki burda bir nəfər 5 gecə, 6 gün qalaraq o məbləğdən daha da az vəsait ödəmiş olacaq.

Yeni ilini romantikanın paytaxtı Parisdə qeyd etmək istəyənlər isə bu arzusuna cəmi 705 AVRO (1329) manat ödəməklə reallaşdıra bilər. Bura aviabilet, 5 gecə, 6 gün qalma, qidalanma, transfer, ekskursiyalar daxildir.

Sevda Bayramova