Bank sektorunun xalis mənfəəti 2 DƏFƏ ARTIB
    • 26-12-2019, 12:48
    • 675

Bank sektorunun xalis mənfəəti 2 DƏFƏ ARTIB

"Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib".

News24.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb: "

"Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi".

V.Qasımlı onu da əlavə edib ki, bu ilin ilk 10 ayında banklarda yerləşdirilən depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb: "Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir,  fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər". 

Afaq Mirayiq