Bu zamana qədər 15 gənc fermerə 225 000 manat güzəştli kredit verilib

Bu zamana qədər 15 gənc fermerə 225 000 manat güzəştli kredit verilib
SOSİAL

26 dekabr 2019, 17:40

Mətn ölçüsü

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2019-cu ilin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, cari ildə agentlik kredit portfelini 118 milyon manata çatdırıb. Mirzə Əliyev qeyd edib ki, son 1 ildə agentliyin kredit portfeli təxminən 50% artıb.

Agentlik sədri əlavə edib ki, hesabat dövründə kreditin fermerlər üçün əlçatan olması əsas hədəflərlərdən biri olub və bu hədəf uğurla yerinə yetirilib: “Ötən il kənd təsərrüfatı istehsalçılarına 10,9 milyon manat həcmində güzəştli kreditlər ayrılıb və bu kreditlər 169 fermeri əhatə edib. 2018-ci ildə bir fermerin borclanma dərəcəsi 65 min manat olub. Bu il isə fermerlərə 21 milyon manat həcmində güzəştli kənd təsərrüfatı krediti verilib ki, bundan 717 fermer yararlanıb. Bununla yanaşı, fermerin borclanma göstəricisi 29 min manata düşüb”.

Mirzə Əliyev deyib ki, bu il AKİA-nın aqrar sahəni dəstək səlahiyyətləri bir qədər də genişləndirilib: “Ölkə Prezidentinin ötən ilin sonunda imzaladığı Fərmana uyğun olaraq bu ilin yanvarından etibarən kənd təsərrüfatı istehsal vasitələrinə dövlət güzəştlərinin də AKİA vasitəsilə ödənilməsinə başlanıb. İndi rəqəmlərə, faktlara baxdıqda biz üzərimizə qoyulmuş bu vəzifənin öhdəsindən gəldiyimizi görürük”, - deyə sədr vurğulayıb.
Bundan başqa, il ərzində AKİA tərəfindən fermerlərə güzəştli şərtlərlə 4089 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satılıb: “Bu il fermerlərə 165 milyon manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 60 milyon manatı fermerlərə güzəşt edilib, 32 milyon manatı isə kənd təsərrüfatı məhsulları istehsalçılarına kredit kimi verilib”.

Mirzə Əliyev "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) çərçivəsində ayrılmış kreditlərin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 15 gənc fermerə 225 000 manat güzəştli kredit verilib. "Bundan başqa, 21 rayonda 400 gəncə müxtəlif təlimlər keçirilib, 965 gənc üçün məşğulluq yeri yaradılıb, ümumi layihədən bəhrələnən gənclərin sayı 1 422 olub", - deyə o bildirib. AMAL çərçivəsində Lənkəran, Masallı, Şəki, Şamaxı rayonlarında 550 gənc fermer üçün limon, çay, tütün, üzüm sahələri salınmasına dəstək verilib, 400 fermerə məxsus limon və üzüm bağları bərpa edilib. Pilot layihələr üzrə əkinləri aparmaq üçün gənc fermerlərə 230-dan çox texnika alınıb.

Tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyi növbəti il üçün hədəfləri də açıqlanıb. Bildirilib ki, qurum növbəti ildə kredit portfelinin həcmini 150 milyon manata çatdırmağı hədəfləyir. Bundan başqa, gələn ildən başlayaraq fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən AKİA vasitəsilə veriləcək. Subsidiyaların növbəti il verilməsi yeni nəsil fermer kartları vasitəsilə həyata keçirəcək.
"2020-ci ildə 350-400 min fermerə pulsuz bank kartları veriləcək. Subsidiya verilmiş 25 faizin məbləğin nağdlaşdırılması, qalan 75 faizinin isə nağdsız qaydada istifadəsi üçün bütün texniki imkanlar yaradılıb və formalaşdırılıb. Dünəndən etibarən fermer kartlarının Kapital Bank filialları vasitəsilə Xaçmaz rayonunda paylanılmasına başlanılıb", - deyə Mirzə Əliyev vurğulayıb.