Azərbaycanda zorakılığa məruz qalan qadınların SAYI AÇIQLANDI
    • 28-12-2019, 17:51
    • 1 003

Azərbaycanda zorakılığa məruz qalan qadınların SAYI AÇIQLANDI

2019-cu il ərzində ölkə üzrə 1221 qadına qarşı zorakılıq faktı törədilib.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, bunlar Daxili İşlər Nazirliyi tərəfindən rəsmi qeydə alınan cinayətlərdir: “Yəni bu o demək deyil ki, il ərzində sadəcə bu qədər qadın zorakılığa məruz qalıb. ZAorakılıq faktları ilə üzləşən bəzi qadınlar hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Elə qadınlar var ki, aylarla zorakılığa dözürlər, bu barədə hüquq-mühafizə və aidiyyəti icra hakimiyyəti orqanlarına müraciət etmirlər”. 

R.Süleymanzadə qeyd edib ki, 2015-ci ildən məişət zorakılığı ilə bağlı bütün rayonların icra hakimiyyətlərində monitorinq qrupları yaradılıb: “Monitorinq qruplarının yaradılmasında məqsəd rayonlarda baş vermiş hadisə və xüsusilə qadınlara və uşaqlara qarşı törədilmiş zorakılıqlarla bağlı dərhal təxirə salınmadan iclasların keçirilməsi, hadisəyə yerində qiymətin verilməsidir. 2015-ci ildən yaradılan monitorinq qrupları ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilir.

Monitorinq qruplarının əsas məqsədi yerlərdə baş vermiş zorakılığın araşdırılması və dərhal hüquqi müstəvidə həll olunmasından ibarətdir. Rayon icra hakimiyyəti başçısının müavini, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eyni zamanda Komitənin nümayəndələri monitorinq qrupunun üzvləridir”.