Azərbaycanı silkələyən olay -
    • 7-01-2020, 18:08
    • 2 988

Azərbaycanı silkələyən olay - "Nərmini yandıran diri-diri yandırılsın!"

Tovuz rayonunda itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yandırılmış meyitinin tapılması xəbəri ölkə gündəmini büsbütün alt-üst edib. 

Tükürpədən bu olay insanları həm təşvişə salıb, həm də sarsıdıb. Üstəlik hər kəs övladının da eyni hadisə ilə üzləşəcəyindən qorxu hissi keçirir. Hamını bir sual düşündürür, necə belə amansızlıq etmək olar? Ümumiyyətlə, Azərbaycanda son dövrlər belə qorxunc cinayət hadisələrin sayı niyə çoxalır?   

“Strukturların metodlar barədə məlumatı yoxdur...”

Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bununla bağlı illər öncədən narahatlıq keçirdiyini, bu cür təhlükələrin baş verəcəyini proqnozlaşdırdığını bildirib: “15 ildir ki, mən SOS deyirəm. Səsimi qaldırıram ki, ölkədə bu cür xoşagəlməz, vəhşilik halları get-gedə artacaq. Niyə, çünki cəmiyyətin öz qanunauyğunluğu var. Burada fərqi yoxdu, istər dövlət qurumları, istər QHT-lər, istər polislər nəzarəti gücləndirsə də, tənqidlər olsa da, xeyri yoxdur. Bunun əsas səbəbi nədir? Min illərdir peyğəmbərlər, şairlər, yazıçılar deyirlər ki, cəmiyyətdə milli-mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir, belə xoşagəlməz hadisələr olmur. Bəziləri bu hadisələri savadsızlıq, təhsil sistemindəki boşluqlarla  əlaqələndirirlər. Bunlar da inandırıcı arqument deyil. Ölkədə təhsil sistemi bundan zəif vəziyyədə də olub, cəhalət də olub. Amma heç vaxt intensiv olaraq bu cür eybəcər, axmaq  hadisələr olmayıb. Bunun yeganə səbəbi mənəvi dəyərlərə olan münasibətin dəyişməsidir. Gözləyirlər ki, bunu hansısa ingilis, fransız desin. Amma mən ölkəni dərindən tanıyan mütəxəssis olaraq deyirəm ki, yeganə səbəb dəyərlərə olan münasibətdir. Əvəllər islam dini, sonra da sovet ideologiyası bunu tənzimləyirdi, bütün mənəvi dəyərlər öndə olurdu. Amma indi qloballaşmanın getdiyi dönəmdə insanlar müxtəlif təbəqələrə ayrılıb. Bu məsələlərə elmi şəkildə diqqət etmək lazımdır. Avropada artıq iki yüz ildir bu cür elm sahələri yaranıb. Bunlar sosiologiya, psixologiya, sosial idarəetmə, sosial iş və s. elmi sahələr yaradılıb. Bizdə heyif ki, uyğun strukturların bu metodlar barədə məlumatları yox dərəcəsindədir. Bu cür məsələlər elmi şəkildə təhlil olunmuş, hazırlanmış texnologiya əsasında tənzimlənməlidir. Onun-bunun deməyilə heç nə mümkün deyil. Son dövrlər islahatlardan çox danışılır, istərdim ki, islahatlar daha çox sosial sferalarda olsun. Mənəvi dəyərlər öndə olanda ölkədə sakitlik olur, sıxışdırılanda isə gərginlik, kriminal vəziyyət artır”.
 
Ə.Qəşəmoğu onu da əlavə edib ki, yeni nəslin tərbiyəsinə diqqət edilməlidir: “Çalışmalıyıq ki, ölkə əhalisi yenidən doğulduğu vaxtdan məktəbə gedənə qədər hazırlansın. Dünyanın aparıcı ölkələrində bu proses artıq aparılır. Yəni 6-7 yaşında uşaq artıq məktəbə gələndə bilgili olur. Bunun üçün proqramlar var. Bu proqramlardan birini mən hazırlamışam, yaponların, koreyalıların, Avropa ölkələrinin proqramları var. Digər tərəfdən çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərləri arxivə atanlara qarşı ictimai qınaq olsun. İnsanlar üstünlüklərini maddiyyatla, qol gücüylə deyil, mənəviyyatları ilə göstərməlidirlər”. 

Nəzərinizə çatdıraq ki,  ictima-siyasi xadimlər hadisəyə biganə qalmayaraq sosial şəbəkə üzərindən olaya münasibət bildiriblər.    

“Onun pambıq kimi əlləri, gözəl saçları ilə birlikdə insanlıq da yandı...”

Təhsil eksperti Kamran Əsədov insanları qız övladlarını qorumağa səsləyib: 


“Sizin qızınız varmı? Mənim iki qızım var, biri 8, o biri də 6 yaşının içində. Sağlıq olsun, İnşallah üçüncüsü də fevral ayında olacaq.
Siz heç onların əllərinin necə pambıq kimi yumşaq olduğunu bilirsiz?
Siz heç qızların saçlarını daramısız? Mən hər dəfə darayıram, saçlarından gələn ətir qoxusu..İnsanı dünyanın ən xoşbəxti edir.
Qapının zəngini sıxanda içəridən onların səslə qapıya qaçması, boyları çatmadığına görə stolu sürüyə-sürüyə gətirib üstünə çıxıb sevinclə qapını açıb qucağına qaçması bilirsiz nədir?

Hər axşam onlar yatanda laylay əvəzi "Sarı Gəlin"i oxuyuram və bir nağıl danışıram. Bu 8 ildir ki, davam edir.
Mən onlara çay süzəndə stəkanın istisi əllərini yandırmasın deyə, nəlbəkiyə süzüb üfürürəm..

Hər gün onlarla birlikdə dərslərini oxuyub, oyunlar oynayırıq. Və onların üzündəki sevinc.. gülüş... ondan dəyərli və qiymətli heç nə yoxdur..
Amma bizim cəmiyyət qızları, qadınları ancaq özünün cinsi ehtiyacını və ehtirasını ödəmək üçün görür. Özünə qul, kölə görür.
Bir qızın yandırılması...Bu dəhşətdir... axşamdan özümə gələ bilmirəm. Qızlarımı möhkəm qucaqladım..
Çünki onları savadsız, cahil, cəngəllik qaydası ilə yaşayan cəmiyyət gözləyir.
Azyaşlı qızlara qarşı törədilən istənilən əməl ən ağır şəkildə cəzalanmalıdır.
Qıza, qadına əla qaldırmaq? Ona təpik, yumruq atmaq, onu yandırmaq, döymək heç kimin haqqı deyil.
Qadına yalnız bir şəxs təpik, yumruq ata bilər, onda bətnindəki uşaq, o da ki, dünyaya gələndə qədər...
Görəsən, niyə cəmiyyət bu qədər iyrənc oldu? 11 yaşlı qız uşaqlığından nə istədi bu toplum?
Onun pambıq kimi əlləri, gözəl saçları ilə birlikdə insanlıq da yandı... Təkcə onun gələcəyi, arzuları yanmadı.
 Qızlarımızı qoruyaq.. Onlara qarşı istənilən şiddət hesab olunan hərəkətə görə ən ağır cəza təyin olunmalıdır”.

“Cinayətkara qarşı ən ağır cəza verilməlidir”

Sabiq millət vəkili Qənirə Paşayeva da 10 yaşlı Nərminin öldürülməsinə münasibət bildirib. O qeyd edib ki, cinayətkara ən ağır cəza verilməlidir: "Dəhşət! Böyük üzüntü və ciddi narahatlıq içindəyik. 10 yaşlı Nərmin balamıza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir".
 
Q.Paşayeva belə qorxunc əməl sahiblərinin yer üzündə gəzməyə haqqı olmadığını deyib: "Respublikamızın hüquq mühafizə orqanları ciddi araşdırma aparırlar və inanırıq ki, bu dəhşətli hadisəni törədən layiq olduğu ən ağır cəzanı alacaq. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq. Artıq yoldayam. Bir az sonra Nərminin ailəsinin yanında olub, onlara acılarını minlərlə insanımızın paylaşdığını və Nərminə qarşı bu dəhşətli cinayəti törədənlərin mütləq ədalət qarşısında cavab verib layiq olduğu (olduqları) ağır cəzanı alacağını da söyləyəcəm. Nur içində yat, gözəl Nərmin. Sənə bu dəhşətli cinayəti törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər"
 
“Belə pedofilləri diri-diri yandırmaq lazımdır”

Müğənni Nigar Camal hadisədən çox təsirlənərək belə yazıb: “Caaaan! Balaca mələk! Allah rəhmət eləsin! Nərminin valideynlərinə səbir diləyirəm. Bu, çox ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm. Balaca uşağa necə başqa gözlə baxmaq olar? Məsum körpəyə - 10 yaşlı qıza bunu etmək vəhşilikdir. Bunu boş buraxmaq olmaz. Tapıb cəzalandırmaq lazımdır. Özü də həbs etmək yox, dünyadakı ən sərt cəzalara məhkum etmək mütləqdir. Uşaqlar valideynə Allahın ən böyük hədiyyəsidir. Allah heç bir valideynə belə ağrı göstərməsin”.
 
Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
 
Afaq Mirayiq