Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada UĞUR QAZANDILAR- FOTO
    • 14-01-2020, 11:04
    • 882

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada UĞUR QAZANDILAR- FOTO

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar.

BŞTİ-dən News24.az-a verilən məlumata görə, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. 

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.
Xatırladaq ki, Azərbaycan məktəbliləri 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edirlər və bugünədək 3 qızıl, 19 gümüş, 27 bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.