Azərbaycanın 3 şəhərində 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edildi
    • 17-01-2020, 12:13
    • 1 452

Azərbaycanın 3 şəhərində 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edildi

"Ötən il Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib".

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, ötən il Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində ciddi addımlar atılıb: "Belə ki, bununla bağlı İşçi Qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb. Növbəti mərhələdə pilot layihə kimi Abşeron yarımadasında heyvanların identifikasiyasına başlanılacaq. Heyvanların vaksinasiyası və identifikasiyasının aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ictimai işlər vasitəsilə əlavə baytar operatorların işə cəlb edilməsi planlaşdırılır". 

Q.Təhməzli onu da əlavə edib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələbləri nəzərə alınmaqla, ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanıb. Bununla əlaqədar Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri ərazisində 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib.

Afaq Mirayiq