"Ağciyər Xəstəlikləri İnstitutunda xəstələr reanimatoloq yoxluğu üzündən ölüb"- ŞOK FAKTLAR -EKSKLÜZİV
    • 17-01-2020, 15:26
    • 2 546

"Ağciyər Xəstəlikləri İnstitutunda xəstələr reanimatoloq yoxluğu üzündən ölüb"- ŞOK FAKTLAR -EKSKLÜZİV

Srağagün Ağçiyər Xəstəlikləri İnstitutunda baş verən iki ölüm hadisəsi ajiotaja səbəb olub. 

Xatıladaq ki,  Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda qanaxmadan dünyasını dəyişib. Xəstəxana ölüm faktı ilə bağlı açıqlama da yayıb. Bununla belə, xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər. 

News24.az-a açıqlamasında ictimai vəkil Samir Zeynalov 2 nəfər vəfat edən şəxsdən əlavə daha bir nəfərin vəziyyətinin ağır olduğunu bildirib. 
Onun sözlərinə görə, ölmək təhlükəsi olan üçüncü şəxs xəstəxanadan elə həmin gecə çıxarılıb: “Samux rayonundan olan Kərimli Kənan Abaddin oğlu hazırda Avrasiya Hospitalındadır. Bu xəstəni yaxınları onu gecə saat 2-də Ağciyər Xəstəlikləri İnstitutundan çıxarıb hospitala gətiriblər. Hospitalda həmin xəstəni ölümdən qurtaran Ağciyər İnstitutunun keçmiş həkimi -reanimatoloq Vüqar Səfərov olub”.

S. Zeynalovun sözlərinə görə, institutda xəstələrin əsl ölüm səbəbləri həkim reanimatoloqun olmamasıdır: “Fikrət həkim reanimasiya şöbəsinin müdiridir, ürək əməliyyatı olunduğuna görə, o, əmək qabiliyyətini müvəqqəti olaraq itirib. Digər həkimlər - Ruhiyyə Abdullayeva, Elşən Həsənov isə işdən çıxarılıblar”.  

Vəkil bildirir ki, üçüncü vəziyyəti ağır olan şəxsin həyatını xilas etmək mümkün olub: “O iki xəstə də, başqa xəstəxanaya təxliyyə olunsaydı, bəlkə də ölməzdilər. Direktor Həqiqət Qədirova reanimasiyanın tibb bacılarını,digər işçiləri otağına çağırıb bu məsələni aydınlaşdırmağa çalışır ki, bu məlumatı institutdan kənardakılara kim ötürüb. Yəni belə çıxır ki, burda məqsəd ölüm faktlarını gizlətməkdi. Kimsə bunu bilməsəydi, cəmiyyət də xəbər tutmayacaqdı”.  

Hüquqşünas onu da əlavə edib ki, Ağciyər Xəstəlikləri İnstitutundan işdən çıxarılan başqa bir həkimi 2 il sonra işə bərpa edib: “Bu həkimlərdən birini - Uşaq vərəmi şöbəsinin həkimi Səbunə Məmmədovanın qanunsuz işdən çıxarıldığlına görə işə bərpa olunmasına yardım etmişəm. İki ildən sonra sübut etdik ki, həqiqətən də o, qanunsuz olaraq işdən azad olunub”. 

Hüquqşünas iddia edir ki, Ağçiyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirovanın 70 yaşı var və o, gənc kadrların çalışmasına imkan vermir:  “Həqiqət xanım gəncləri sıxışdırır . O, əvvəllər də analoji hərəkətlərinə görə, Respublika Qicslə Mübarizə Mərkəzindən tutduğu direktorluq vəzifəsindən azad olunub. 5 il sonra isə bu institutda işə başlayıb”. 

İÜçüncü xəstə ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Avrasiya Hospitalının həkimi Vüqar Səfərovla əlaqə saxladıq. 

O,  News24.az-a açıqlamasında bildirib ki, Kərimli Kənan xətəxanaya gətiriləndə vəziyyəti çox kritik olub: “İndi nisbətən düzəlib. Amma yenə də ağırdır. Ağciyər xəstəxanasından mənə zəng vurub dedilər ki, “bu xəstənin vəziyyəti ağırdı, ölə bilər, təcili süni tənəffüs aparatı qoşulmalıdır. Reanimatoloq olmadığı üçün edə bilməyəcəyik”. Gecə saat 2 -də onu bu hospitala gətirdilər. Xəstənin durumu hələ də kritik ağır olaraq qalır”.
 
Həkim Ağciyər Xəstəlikləri İnstitutundan çıxarılmasında da bəhs edib: “Yeni gələn direktor Həqiqət Qədirova  işləməyə imkan vermədi. Tez -tez töhmət verirdi. Xəstələri öyrədib üstümüzə salırdı. Yanımıza gələn xəstələri müayinə etməyə qoymurdu. Sonra məni və Səbinə xanımı 70-ci maddə ilə işdən çıxardı. Bundan sonra mən Türkiyədə işlədim, sonra isə bura gəldim. Direktor işi bilmir, ixtisası mikrobiloqodu . Hazırda Ağciyər Xəstəlikləri İnstitutunda reanimasiya şöbəsində həkim reanimatoloq yoxdur”.

Məsələ ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladıq. Həkim  bildirdi ki, saytımıza açıqlama vermək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) icazə alınmalıdır.

TƏBİB-in mətbuat xidmətindən isə məsələ ilə bağlı bildirildi ki, sorğularla bağlı monitorinq işçi qrupu araşdırmalar bitmədən məlumat verilə bilməz. Proses bitdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar başlayıb, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev dindirilib.

P.S. Məsələ ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun mövqeyini dərc etməyə hazırıq. 

Afaq Mirayiq