"Ötən il 34 Yanvar şəhidinin ailəsi mənzillə təmin olunub"- ANAR ƏLİYEV
    • 18-01-2020, 14:00
    • 754

"Ötən il 34 Yanvar şəhidinin ailəsi mənzillə təmin olunub"- ANAR ƏLİYEV

"2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təsis edilib". 

News24.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəz Qərargahında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev 20 yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım tədbirində bildirib. Onun sözlərinə görə, bu Fərmana əsasən 20 Yanvar şəhidləri fəxri adı almış şəxslərin ailələri 100 manat, I dərəcə əlilliyi olanlara 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 210 məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri verilir: "Bu təqaüdlərlə bərabər 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 110 manat aylıq müavinətlər ödənilir". 

A.Əliyev onu da bildirib ki, 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə, habelə həmin sənədlərin əlilliyi olan şəxslərin və 16 yaşına çatmayan uşaqlarının hər birinə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq sosial müavinət ödənilir:

"Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanıb. 

20 Yanvar hadisələri ilə əlaqədar Şəhid olmuş şəxslərin uşaqlarına orta ixtisas təhsil müəssisələrində, Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat və magistratura səviyyəsində, AMEA-nın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil haqqı 2014-2015-ci il tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Bununla yanaşı, 20 Yanvar əlillərinin, şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və avtomobil ilə təmin edilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Nazirlik tərəfindən bugünədək 116 "20 Yanvar" əlil və şəhid ailəsi mənzil, 92-si isə avtomobil ilə təmin edilib. Xüsusi olaraq qeyd edim ki, 2019-cu ildə 34 " 20 Yanvar" şəhidi ailəsi mənzillə təmin olunub".

Afaq Mirayiq