“Sədərək”də və Çin restoranlarında koronavirus təhlükəsi varmı? – ARAŞDIRMA - FOTO - VİDEO
    • 29-01-2020, 20:55
    • 2 116

“Sədərək”də və Çin restoranlarında koronavirus təhlükəsi varmı? – ARAŞDIRMA - FOTO - VİDEO

Çində yayılan və dünyanı qorxuya salan koronavirusa hazırda 6 minə yaxın insan yoluxub, 132 nəfər isə ölüb. 

Azərbaycanda bu virusa yoluxan xəstələr olmasa da Çinin istehsal etdiyi məhsullara maraq olduqca böyükdür. 

News24.az olaraq Çin məhsullarının geniş satıldığı “Sədərək” bazarına yollandıq. 

Burada “Şirniyyat” deyilən bölmə var ki, satılan məhsulların 90 faizi “kitayski”dir. 

Bazara girişdə eşitdiyimiz ilk söz Çindən gələn karqoların ölkə ərazisinə buraxılmaması oldu. Həm də bu müddətin mart ayına qədər, bəlkə ondan da çox çəkə biləcəyi də söylənildi. 

“Sədərək”də söhbətləşdiyimiz satıcılardan biri nə özünün, nə də mağazasının videoya çəkilməsini istəməsə də, burada satılan malların 90 faizi Çin istehsalı olduğunu dedi. O qeyd etdi ki,  hazırda həmin məhsullar Türkiyə və İran istehsalı adı altında satılır. 

“Sədərək”də yumşaq oyuncaqların satışı ilə məşğul olan Müşviq Kazımov adlı satıcıyla da söhbətləşdik. O isə Çin məhsullarına olan təlabatın azalmadığını dedi: “Bazarda olan məhsulların koronavirusa aiddiyatı yoxdur. Ümumiyyətlə, malları aldığımız şəhərlərdə sabitlikdir, xəstəlik yoxdur”. 
“Karqonun Azərbaycana buraxılmaması qiymət artımına səbəb olacaqmı” sualını isə müsahibimiz belə cavabladı:  “Düşünmürəm. Çünki hazırda məhsul boldur”.

Qeyd edək ki, ticarət mərkəzindəki satıcıların əksəriyyəti aqressiv və qanıqara idi. Bunun koronovirusla bağlı müxtəlif xəbərlərin yayılması üzündən, yoxsa  malların karqoda saxlanılmasından baş verdiyini təyin etmək mümkün olmasa da, mağaza sahiblərinin durumdan narazı olduğu simalarından hiss olunurdu. 

Onların sözlərinə görə, satılan mallar 3-4 ay öncə hətta bir neçə il öncə ölkəyə gətirilənlərdir. Buna görə də bazarda koronavirusun yayılması mümkünsüzdür. 


Onu da bildirək ki, bazarda alıcılıq səviyyəsi zəifləməyib. Hər şey öz əvvəlki axarında davam edir. Alıcılar məhsulu hansı ölkənin istehsal etdiyinə o qədər də nəzər yetirmirlər. 

“Sədərək” bazarından sonra üz tutduğumuz məkan Çin restoranı oldu. Bu ölkənin mətbəxini sevənləri də koronavirusla bağlı deyilənlər ciddi narahat edir.
 
Yeməklərin hazırlanmasında istifadə olunan ərzaqlar barədə restoranın inzibatçısı Tural Həsənov məlumat verdi. O, narahatçılığa heç bir əsas olmadığını vurğulayıb: “Müştərilərin gəlişində azalma yoxdur. Virusla bağlı narahatlıq keçirənlərə isə ətraflı izahat verib buna əsəs olmadığını izah edirik. Bildiririk ki,  hazırda Çinə uçuşlar, turislərin gəlməsi qadağan olunduğu üçün nə yeni işçi, nə də əcnəbi gəlmir. Ət, toyuq, dəniz məhsulları və tərəvəzlərin də hamısı Bakıdan alınır. Ədviyyat və souslara gəldikdə isə onlar 5-6 ay öncə alınıb. Onların da hər birindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunələr götürülərək yoxlanılıb”. 

Teymur Məmmədov
Foto/Video: Fərid Şabanov