Qənirə Paşayeva Qarabağ müharibəsi veteranları, fiziki imkanları məhdud insanları ZİYARƏT ETDİ
    • 7-02-2020, 13:08
    • 786

Qənirə Paşayeva Qarabağ müharibəsi veteranları, fiziki imkanları məhdud insanları ZİYARƏT ETDİ

Tovuzun kəndlərini məhəllə məhəllə, ev-ev gəzməyə davam edən Qənirə Paşayeva bu dəfə bir sıra kəndlərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, fiziki imkanları məhdud insanların evlərini ziyarət edib, qayğıları ilə maraqlanıb.

News24.az xəbər verir ki, 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunun bir sıra kəndlərində seçicilər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və fiziki imkanları məhdud insanlarla görüşüb, dəstəkləri üçün təşəkkürünü bildirib. Q. Paşayeva ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq “deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam” deyib və seçicilərin ona təkrar etimad göstərəcəkləri təqdirdə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etməyə çalışacağını bildirib. Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Həmçinin şəhid ailələri, fiziki imkanları məhdud insanların ailələlərini də evlərində ziyarət edib, qayğıları ilə maraqlanıb. Şəhid ailələrinin dəstəyinin onun üçün mənəvi olaraq çox önəmli olduğunu vurğulayan Q.Paşayeva şəhid ailələri baş tacımızdır, hər zaman yanınızdayıq deyib.

Q.Paşayeva həmçinin ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.

Kənd sakinləri Qənirə Paşayevaya etimadlarının tam olduğunu bildiriblər.Çünki o 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib və hər zaman onların müraciətlərinin, problemlərinin həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib.

Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Qənirə Paşayeva hər zaman bizim yanımızda olduğunuz kimi biz də sizin yanınızdayıq deyib dəstəyini əsirgəməyən seçicilərin hər birinə təşəkkür edib.