Bakı metrosu koronavirusa qarşı mübarizəyə başladı - VİDEOREPORTAJ
    • 21-02-2020, 19:23
    • 2 872

Bakı metrosu koronavirusa qarşı mübarizəyə başladı - VİDEOREPORTAJ

Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də başlanılıb.

News24.az xəbər verir ki, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də Səhiyyə Nazirliyinin koronavirusla bağlı açıqlamasında bildirilir ki, virusun sürətlə yayılmasının əsas səbəbi onun yüksək virulentliyi və patogenliyi, yoluxma mexanizminin hava-damcı, təmas yolu ilə olması, insanların virusa qarşı yüksək həssaslığıdır.
Dezinfeksiya tədbirləri ay ərzində iki dəfə yerinə yetiriləcək.

"Bakı Metropoliteni"nin mətbuat xidməti  Bəxtiyar Məmmədov bildirib ki, tədbirlər insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq. Onun sözlərinə görə, sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir: "Bu məqsədlə "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb. Ardıcıl tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub".

B. Məmmədov qeyd edib ki, bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək: "İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək".

Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC sərnişinlərini metropolitendə sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə, bu məsələlərdə fəal mövqe tutmağa dəvət edir: "Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və s. bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmaması, yapışdırılmaması və digər bu kimi hallara yol verilməməsi mühüm əhəmiyyət kəsb edir. Unutmayaq ki, xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, metropolitendə təmizliyin qorunması, ilk növbədə, hər bir sərnişinin sağlamlığı baxımından çox vacibdir".

Bəxtiyar Məmmədov əlavə edib ki, ölkəmiz üçün sosial əhəmiyyəti nəzərə alınaraq, koronavirusla bağlı "Bakı Metropoliteni" QSC-nin fəal ictimai mövqe tutması əsassız deyil. Çünki metro paytaxtın əsas ictimai nəqliyyat növlərindən biridir: "Bu səbəbdən yaxın günlərdə sərnişinlərin müfəssəl məlumat əldə etməsi və maariflənməsi, təbliğatın daha geniş kütlə arasında yayılması məqsədilə koronavirusla bağlı daha bir mühüm korporativ sosial məsuliyyət proqramı reallaşdırılacaq".

"Bakı Metropoliteni" QSC-nin Sağlamlıq, əməyin təşkili və ətraf mühitin mühafizəsi şöbəsinin gigiyena üzrə həkimi Gülər Hümbətova deyib ki, Bakı metropolitenində sanitar-gigiyenik norma və qaydaların tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir: "Qatar, stansiya, şaxta və tunellərdə, eləcə də digər istismar və tikinti obyektlərində sanitar-gigiyenik normaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinseksiya, deratizasiya və profilaktik məqsədlə dezinfeksiya tədbirləri müntəzəm surətdə həyata keçirilir. Görülən işlərə daim nəzarət olunur, qurğuların müntəzəm monitorinqi aparılır. Ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır".

Onun sözlərinə görə, bu tədbirlər zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun hesab olunan dərman vasitələrdən istifadə olunur: "Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir. Əlavə olaraq, müvafiq laboratoriya ən müasir ölçmə cihazları vasitəsilə stansiya, tunel və qatarlarda, həmçinin xidməti otaqlarda mikroiqlim şəraitini gündəlik qrafik əsasında yoxlayır. Bütün tədbirlər metropoliten işçilərinin normal fəaliyyət göstərmələri üçün sanitar-gigiyenik normalara uyğun sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməklə bərabər, metrodan istifadə edən paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının da rahat şəkildə daşınmasına xidmət edir".

Qeyd edək ki, virusla bağlı səngimə olana qədər profilaktik tədbirlər davamlı şəkildə aparılacaq. 

Sevda Bayramova
VİDEO: Adil Ağayev